23.10.2011

Ünvansız

        Salam. Sözüm sənədir, ay hava. Bəlkə, bu gün başıma gəlməyin bir işə yarasın?! Deyirəm, elə mənim kimi havadan-sudan danışa-danışa havada qalmağa meylimiz artıb. Sözü də havaya atırıq. Götürən götürür. Sözümüzə əli çatmayanlarsa deyir ki, dedikləriniz iylənib, çoooox havadadır. Sıralarımızda azadlığını göydə görüb, havaya uçmaq istəyənləri də tapıldı. Havayıdır elə bil. Nəsə bu günlərdə də hamımızın ağlı bir qarış havadadır. 
      Salam. Sözüm sizədir, Bakı vitrinləri. Sizdəki manikenlərlə aramızdakı fərqi düşündüm. Tapmadım. İtirdiyimiz nəyi tapmışıq ki. Baxırıq bir-birimizin paltarına – sizdəkilərə baxdığımız kimi. Bir-birimizi paltarsız görəndə də daha təəccüblənmirik - sizdəkiləri paltarsız gördüyümüz kimi. Endirimlərin cib oxşayır, bizim “endirimlərimiz” isə göz. Siz qiymət endirəndə, biz hər fəsilə uyğun “ideologiya”, “-izm”lər endiririk virtual döyüşlərimizdə. Hər “ağamız”a uyğun bayrağımızı endiririk akrobatik hərəkətlərlə - hər şeyə “baş üstə” deyərək. Yox bir, qulaqdibi, qurşaqaltı, əlüstü. Enənləri nə badə qaldıraq haaaaa... İstəsək belə, alınmayacaq. Gözlərimizə enən pərdə çətin ki qalxa. Sənə min rəhmət, Ay Rəsulzadə. Görsəydin, qaldırdıqlarını necə endiriblər. Görə bilməzsən... Unutmuşdum, - unutmuşdum ki, daha şəklin yoxdur divarlarda – onu da endiriblər. 
     Bəlkə, sənə yazım bu məktubu, ay zərf. Həəə, elə sənə! Bizi nələrlə doldurdularsa, səni də onlarla doldurduq. Görəsən, sən yazsaydın, kimə ünvanlanardı ünvansız məktubların? Anaların əllərini, yarımçıq arzuları, boş küçələri, necə, yazmaq istəyərdənmi 4 fəsildə? Yazmaq istəyərdinmi allaha məktubunda anasının qırışlarını dəniz dalğalarına oxşadan 6 yaşlı oğlanı? Bəs, gülə həsrət şəhid məzarı üçün yer tapılardımı sətirlərində? Yaxşı, birdən itsəydin, nə edərdin? Ünvana çatmayanda, necə, ünvansızmı olardın mənim bu məktubım kimi? Ya da itirdiyim pərimin itmiş ilhamı kimi...  

22.10.2011

Yanılmışam

Dünya bildim gözlərini

 Yanılmışam..

Nöqtə boyda bir bəbəyi

Aldanıb da, səfeh kimi

Necə bir dünya sanmışam?!

-  
Neçə ümid bağlanmışdı,

Ayrılıqlar dağlanmışdı,

bir ürək də ağlamışdı

o dünyada

Yanılmışam..
- 

Uzaqlaşıb gecələrdən

Kirpiyinə sığınmışdım.

Pisliklərdən, yalanlardan

Saf qəlbimlə

Mən onlara qısılmışdım

O dünyada.

Yanılmışam..
-

Parça-parça sabahımı

Ümidli şəfəq altında

Gözlərində görüb, susub

Axı, niyə bu günümə alçalmışam?

İndi susur qara gözlər,

Qara daşa baxıb, susur.

Aldanışlar

nöqtə boyda o dünyada

dayanmışdır.



Bir ümid də kirpiyindən

cani təki asılmışdır.

Yanılmışam...



21.10.2011

Bir nəfəslik şeir

Yazdan yazan şairlərin
unutduğu qar dənəsi
 əriyirsən dodağımda.
Soyuq,kobud qələmimin
Ağ vərəqdə məngənəsi
Əzilirsən, dağılırsan,
 Yox olursan sorağımda.
Dolaşdıqca fikirlərin
Suya həsrət balıq təki
çırpınırsan, boğulursan
Fərqin nə ki adi günlə

Batıb yenə doğulursan.

03.10.2011

3.10.2011

Bu gün nə oldu?
  1.    03.10.1987.. və tanrı Nərmin Nöqtəni yaratdı.
  2.     FB-də çoxlu təbriklər aldım, neçəsi səmimi, neçəsi xala-xətrin qalmasın deyə təbrik edib bilmirəm, amma əminəm ki “yaxşı ki, fb-nin doğum günləri təqvimi var” deyənlər az deyil.
  3.  Günüm həbs xəbərinə görə qara oldu. İctimai asayişin pozulması, yəni limonsatanın vedrəsinin aşırdılması, dəlləyin arvadının Nizami küçəsində gəzmək planının baş tutmaması, yaxın ərazidəki köşkdən qəzetin birinin itməsi, polis maşınının içəridən əliyalın mitinqçilər (2 aprel – 11 mart) tərəfindən deşik-deşik edilməsi. 
      Cəzası:  Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli - 2,5 il, Fuad Qəhrəmanlı 1 il şərti olmaqla azadlıqdan məhrum edildilər.
      Əvəzində: Məhkəmənin qərarına etiraz olaraq yazıçı Əli Əkbər, Seymur Baycan Elnur Astanbəyli Müsavat Partiyasına üzv olublar.


      4.  Günay Babazadə ( ilk iş günüydü deyə, yaman sevincliydi), Solmaz Babayeva (bacısı), Leyla Oktay, Perviz Süleyman (ürəkdi o)  və bir də auuuuu Orxan Rasimoğlu, “50 qəpikƏ də oturduq, 10 azn-lik çay içdik, Solmazın aldığı tortla.

            Kefim hələ də açılmayıb. İndi məlum olub ki, günorta həbs xəbəri alanda 2 il 6 ay = 2.5il bərabərliyini unudaraq dostlardan birinə demişəm ki, niyə 2.5 il, axı Turxan 2 il 6 ay deyib?! Bu gün başa düşdüm ki,  yüzölçbirbiçsonradanış təcili işə düşməlidir və ən əsası, tələsməmək, diqqətli olmaq lazımdır.
            Anam və atam məni təbrik eləmədi. Dedim mən pis övladam, bunlara nə gəlib. Yəni heç ol masa, belə bir gündə yox. İndi getdim ki su içməyə, açıb görürəm ki, soyuducuda tort var. Valideyn başqa şeydi – nə qədər özümüzü dartsaq da.
          Dartmaq demiş, sabah da Kaktus gəlir. Məclisi-üns onun həsrətindədi.