30.11.2011

.nöqtəyə.


Bir  otaqdır,
yanağıma sığal çəkən
göz yaşlarım.

Bir otaqdır,
ürəyimin üsyanına qıfıl vuran
dodaqlarım.

Bir otaqdır,
səni sənsiz səsləndirən 
nəfəsimlə qucduğum diz.

Bir otaqdır,
ulduzlara həsrət qalan gecələri
gizlətməkçün solğun bəniz.

Bir otaqdır,
məhv etdiyin illərimə
qanad verən biləklərim.

Bir otaqdır,
dünənimi basdırmaqçün
arzularım, diləklərim.

Ən sevimli otağımdır,
kiçik əldə qazdırdığım
ovuc adlı böyük tabut.

Bir damla yaş
sığdırırkən həyatımı
bu tabuta,
Sual verdim öz-özümə:
“Omu böyük?
 bəlkə, məndən geri qalan
həyatımdır belə kiçik?”.

Deyirlər ki, bəxtəvərdir, həm də varlı
Çoxdur belə otaqları
bu çəlimsiz bədənində.

Düşünmürlər,
"imarətin" yeri dardır ürəyimdə.

Neyləsin ki,
döyülməyir qapıları
"nöqtə" adlı otağımın.


Sönür nuru həsrətilə 
hey gecikən qonağımın.

28.11.2011

.Gecələrə.


Səhərləri ürəyində
 axsaq, qara it uluyur
Acıyıb yalnızlığıma
Kəsik quyruğun buluyur
Bu şəhərin gecələri

Zülməti köksümü
dağıdıb, çıxır.
allaha duamı 
tavana sıxır 
gözümdən kirpiyi
dizüstə yıxır
Bu şəhərin gecələri.
--
Taleyi səmirsiz
 önünə qatır,
  Döngəyə burdurur, 
 dalana atır.
Qarğış qorxusundan 
dilimdə yatır
Bu şəhərin gecələri.


Şeirdən, misradan 
inciyir, küsür
Kefli kölgəsinə 
qısılır, susur
İnsanın dərdini 
özündən asır
Bu şəhərin gecələri

24.11.2011

ImagineDialogue 2011 // I am Peaced!

Bu videonu ImagineDialogue 2011 proqramı çərçivəsində hazırladıq. Proqramın məqsədi münaqişə şəraitində yaşayan dövlətlərin gəncləri arasında dialoq mədəniyyətini formalaşdırmaqdır. Ermənistan-Azərbaycan gəncləri üçün təşkil edilən layihədə bizim komanda 6-cı buraxılış idi. Bu video çarxı hazırlamaqla biz hər iki tərəfə belə bir mesaj verdik: "İnsanı ittiham edənə qədər, onu tanımaq mümkün deyil". Müharibəni isə rəhbərlərə məxsusdur, xalqa deyil. 
İşin üzə çıxmasında Azərbaycan team`indən: Gülarə Əzimzadəyə, Arzu Qeybullayevaya, Məryəm Cabbarovaya, Olqa Breqvadzeyə, Ali Reşə vəə özümə təşəkkür düşür. İdeya da  bizim komandanın idi :). Qonşularımızdan isə Maria Karpetyan, Sasun Kaçataryan, Veronika Aghajanyan, Phil, Ana, Gayane, Nikolay, eləcə də bitərəf dostumuz amerikalı Chris sağ olsun :))