23.10.2011

Ünvansız

        Salam. Sözüm sənədir, ay hava. Bəlkə, bu gün başıma gəlməyin bir işə yarasın?! Deyirəm, elə mənim kimi havadan-sudan danışa-danışa havada qalmağa meylimiz artıb. Sözü də havaya atırıq. Götürən götürür. Sözümüzə əli çatmayanlarsa deyir ki, dedikləriniz iylənib, çoooox havadadır. Sıralarımızda azadlığını göydə görüb, havaya uçmaq istəyənləri də tapıldı. Havayıdır elə bil. Nəsə bu günlərdə də hamımızın ağlı bir qarış havadadır. 
      Salam. Sözüm sizədir, Bakı vitrinləri. Sizdəki manikenlərlə aramızdakı fərqi düşündüm. Tapmadım. İtirdiyimiz nəyi tapmışıq ki. Baxırıq bir-birimizin paltarına – sizdəkilərə baxdığımız kimi. Bir-birimizi paltarsız görəndə də daha təəccüblənmirik - sizdəkiləri paltarsız gördüyümüz kimi. Endirimlərin cib oxşayır, bizim “endirimlərimiz” isə göz. Siz qiymət endirəndə, biz hər fəsilə uyğun “ideologiya”, “-izm”lər endiririk virtual döyüşlərimizdə. Hər “ağamız”a uyğun bayrağımızı endiririk akrobatik hərəkətlərlə - hər şeyə “baş üstə” deyərək. Yox bir, qulaqdibi, qurşaqaltı, əlüstü. Enənləri nə badə qaldıraq haaaaa... İstəsək belə, alınmayacaq. Gözlərimizə enən pərdə çətin ki qalxa. Sənə min rəhmət, Ay Rəsulzadə. Görsəydin, qaldırdıqlarını necə endiriblər. Görə bilməzsən... Unutmuşdum, - unutmuşdum ki, daha şəklin yoxdur divarlarda – onu da endiriblər. 
     Bəlkə, sənə yazım bu məktubu, ay zərf. Həəə, elə sənə! Bizi nələrlə doldurdularsa, səni də onlarla doldurduq. Görəsən, sən yazsaydın, kimə ünvanlanardı ünvansız məktubların? Anaların əllərini, yarımçıq arzuları, boş küçələri, necə, yazmaq istəyərdənmi 4 fəsildə? Yazmaq istəyərdinmi allaha məktubunda anasının qırışlarını dəniz dalğalarına oxşadan 6 yaşlı oğlanı? Bəs, gülə həsrət şəhid məzarı üçün yer tapılardımı sətirlərində? Yaxşı, birdən itsəydin, nə edərdin? Ünvana çatmayanda, necə, ünvansızmı olardın mənim bu məktubım kimi? Ya da itirdiyim pərimin itmiş ilhamı kimi...  

22.10.2011

Yanılmışam

Dünya bildim gözlərini

 Yanılmışam..

Nöqtə boyda bir bəbəyi

Aldanıb da, səfeh kimi

Necə bir dünya sanmışam?!

-  
Neçə ümid bağlanmışdı,

Ayrılıqlar dağlanmışdı,

bir ürək də ağlamışdı

o dünyada

Yanılmışam..
- 

Uzaqlaşıb gecələrdən

Kirpiyinə sığınmışdım.

Pisliklərdən, yalanlardan

Saf qəlbimlə

Mən onlara qısılmışdım

O dünyada.

Yanılmışam..
-

Parça-parça sabahımı

Ümidli şəfəq altında

Gözlərində görüb, susub

Axı, niyə bu günümə alçalmışam?

İndi susur qara gözlər,

Qara daşa baxıb, susur.

Aldanışlar

nöqtə boyda o dünyada

dayanmışdır.



Bir ümid də kirpiyindən

cani təki asılmışdır.

Yanılmışam...



21.10.2011

Bir nəfəslik şeir

Yazdan yazan şairlərin
unutduğu qar dənəsi
 əriyirsən dodağımda.
Soyuq,kobud qələmimin
Ağ vərəqdə məngənəsi
Əzilirsən, dağılırsan,
 Yox olursan sorağımda.
Dolaşdıqca fikirlərin
Suya həsrət balıq təki
çırpınırsan, boğulursan
Fərqin nə ki adi günlə

Batıb yenə doğulursan.

03.10.2011

3.10.2011

Bu gün nə oldu?
  1.    03.10.1987.. və tanrı Nərmin Nöqtəni yaratdı.
  2.     FB-də çoxlu təbriklər aldım, neçəsi səmimi, neçəsi xala-xətrin qalmasın deyə təbrik edib bilmirəm, amma əminəm ki “yaxşı ki, fb-nin doğum günləri təqvimi var” deyənlər az deyil.
  3.  Günüm həbs xəbərinə görə qara oldu. İctimai asayişin pozulması, yəni limonsatanın vedrəsinin aşırdılması, dəlləyin arvadının Nizami küçəsində gəzmək planının baş tutmaması, yaxın ərazidəki köşkdən qəzetin birinin itməsi, polis maşınının içəridən əliyalın mitinqçilər (2 aprel – 11 mart) tərəfindən deşik-deşik edilməsi. 
      Cəzası:  Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli - 2,5 il, Fuad Qəhrəmanlı 1 il şərti olmaqla azadlıqdan məhrum edildilər.
      Əvəzində: Məhkəmənin qərarına etiraz olaraq yazıçı Əli Əkbər, Seymur Baycan Elnur Astanbəyli Müsavat Partiyasına üzv olublar.


      4.  Günay Babazadə ( ilk iş günüydü deyə, yaman sevincliydi), Solmaz Babayeva (bacısı), Leyla Oktay, Perviz Süleyman (ürəkdi o)  və bir də auuuuu Orxan Rasimoğlu, “50 qəpikƏ də oturduq, 10 azn-lik çay içdik, Solmazın aldığı tortla.

            Kefim hələ də açılmayıb. İndi məlum olub ki, günorta həbs xəbəri alanda 2 il 6 ay = 2.5il bərabərliyini unudaraq dostlardan birinə demişəm ki, niyə 2.5 il, axı Turxan 2 il 6 ay deyib?! Bu gün başa düşdüm ki,  yüzölçbirbiçsonradanış təcili işə düşməlidir və ən əsası, tələsməmək, diqqətli olmaq lazımdır.
            Anam və atam məni təbrik eləmədi. Dedim mən pis övladam, bunlara nə gəlib. Yəni heç ol masa, belə bir gündə yox. İndi getdim ki su içməyə, açıb görürəm ki, soyuducuda tort var. Valideyn başqa şeydi – nə qədər özümüzü dartsaq da.
          Dartmaq demiş, sabah da Kaktus gəlir. Məclisi-üns onun həsrətindədi.


28.09.2011

BAKI İSLAMIN PAYTAXTI

Bakı İslamın paytaxtı,

Onda mən də olum molla.

Verim lütdənmiş Fatihə

Açıq qıça, açıq qola.

Fahişə ruhun Sarayında,

Yataq bədən harayında.

Ağacaltı, "skamya"üstü

Öpüşləri, güləşləri,

Qadınların evlər yıxan pıçıltısın,

Donuz kimi gülüşlərin

Gizlədim hicab altında?



Toyxanalar minarəli,

Səcdəgah da fəvvarəli.

Nə fərqi var, Allahşükür, ya da Əli,

Əsas odur, o da tıxır

Xalqa haram,

Ona halal sosiskanı, kolbasanı.

Xalqın iylənmiş beyninə

Soxur yaşıl bayraq altda

Yumşaq qeyrət fəndlərini,

"Hədis"ini, "Quran"ını.

Satdılar bir dığa üçün

Min qadının namusunu, qeyrətini;

Oxudular: "Bəlkə, çıxaraq bayraqdan onun yaşıl hissəsini?!"

İndi namazın vaxtıdır,

Kar dindarlar,

Eşidirsiz, azanımın gur səsini???
                                                                                       
MÜƏLLİF: NƏRMİN NÖQTƏ

30.03.2011

Sevgilim Fiqo

      Həmin il çox hadisələrlə yadda qaldı. Vladimir Putin prezident seçildi; Yaxın Şərqə “topatan” yeni kuryerin də adı açıqlandı: okeanın o tayından - “balaca” Corc Buş. Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan zəlzələ də “Bakı”nı yaxınlaşdırdı. Məsələn, mən qapı qonşumu tanıdım. Üstəlik, Bakını bir il doyuzduracaq şayiələr də buraxıldı. Dedilər ki, paytaxtın arxitekturasını “çatladan”, Xəzərin dibində keçirilən nüvə silahı təcrübəsidi. Beləliklə, əsrin şayiəsi də təsdiqlənmişdi. Hələ onda Heydər Əliyev sağdı, “Əkizlər”in dağıdılmasına da bir il vardı. Ergenekon da heç başlamamışdı…
      Fikirləşəndə, göstərilən illə (red. ili yazmağı unutdum – 2000) bağlı o qədər hadisəni xatırlamaq olar ki və bir də “bııııy, hə yeeeee, yadımdadı..” cümləsini geninə-boluna istifadə etmək. Maraqlıdır, görəsən, ən azı siyasət qədər maraqlı olan, ən azı özü siyasət olan futbolda baş verən və ilin futbol qalmaqalı titulunu qazanan “o hadisə” neçəmizin yadında qalıb?

11 il əvvəl

      Qızlar deyirdilər ki, mən özümü oğlanlara göstərmək üçün futbola baxıram. Onlar hardan bilərdilər ki, oğlanlara görə yox,  tərpənmədən gözümü ekrana məhz Luis Fiqoya görə zilləyirəm. Təsəvvür edin, top ekranda sağdadır, Fiqo da solda. Əmin olun ki, başqarışıq bütün bədənim sola çevrilirdi. O, mənim ilk əcnəbi platonik sevgim (özlüyümdə ona sevgilim deyirdim), şərəfini qoruduğu komandanın (“Barselona”) isə ilk əcnəbi kapitanı idi. Ağlıma gətirməzdim ki, həvəslə baxdığım hind filmləri bir gün axırıma çıxacaq... Necə? Məsələn, hər dəfə oyunlara baxanda xəyallar qururdum; mən Barselonaya gedəcəm,  oyunlardan birinə bilet alacam. Böyük ekranda birdən məni göstərəcəklər. Mən göz süzdürəcəm. Fiqo meydanda top dalınca qaçanda təsadüfən ekrana baxacaq. Məni görəcək. Məni tapdıracaq və evlənəcəyik. Gələcəyim Barselonasız mümkün deyildi..
       Ta ki, Luis Fiqo 37 milyon funt strelinqə xəyallarımın şəhərinin komandasını “Kral klubu”na satana qədər..


Satdı, ya satıldı?
 
       Futbolla uzaqdan - yaxından əlaqəsi olan hər kəs bilir ki, bəzi qrup insanlar üçün futbol adi oyundan daha artıqdır. Necə deyim, balıq susuz, prezident kürsüsüz, Akif dayı araqsız öz mənasını, mənini itirdiyi kimi, onlar da futbolsuz özünü ifadəni itirirlər. Kataloniyalılar üçün “Barsa”  onların mahiyyəti idi.      
Hadisələrə belə baxaq: İspaniyanın daxilində gedən vətəndaş müharibəsi; kataloniyalılara qarşı milli kimliklərini unutdurmaq cəhdləri - katalon dilinin istifadəsinin qadağan edilməsi; generelissimusun onları təmsil edən “Barselona” komandasına qarşı “Real Madrid”i yaratması.. Üstəlik, “Barsa”nın adının katalon dilindən (“Football Club Barcelona”) təhqir əlaməti olaraq, ispan dilinə (“Club de Football de Barcelona”) dəyişdirilməsi və kasanı daşdıran son damla: “Çamartin qalmaqalı”. Deməli, bu “Çamartin” Kral komandasının əvvəlki stadionunun adıymış. “Barsa” – “Real” arasında cavab oyunu keçiriləcəkmiş. Oyundan 20 dəqiqə əvvəl “Barsa”lıların soyunub-geyinmə otağına kim girsə yaxşıdır? – dövlət təhlükəsizliyi idarəsinin rəhbəri. Girib deyir ki, bəs uşaqlar, “Real”ı udursunuz, udun ee, amma canınıza da yazığınız gəlsin. Bax, elə eləməyin ki, bu sizin son oyununuz olsun. Beləcə, “Barsa” 1:11 hesabıyla “Real Madrid”ə məğlub olur.     
      Sözümün canı odur ki, hələ taa qədimdən “Barsa” – “Real” arasında gizli müharibə gedib. “Barsa” isə ulduz yığını komandasından fərqli olaraq, həmişə biz necə deyirik, namusla, şərəflə özlərini müdafiə ediblər. “Daydaysız” komandanı yarım milyon dollar artıq verdiyinə görə, “Real Madrid”ə dəyişməsi Fiqoya baha - başa oturdu. Birincisi! o, məni itirdi. (13 yaşımda belə düşünürdümJ ). İkincisi! o, satqın damğasını yedi. Üçüncüsü! o, hər dəfə oyuna çıxanda ünvanına təhqirlər səsləndi, üstünə tüpürcəklər yağdırdılar, nə bilim, donuz başı onun başını əvəzlədi, katalon bayrağı üzünə çırpıldı. Bir sözlə, Rikardo Zamora Martines, Xosep Samityer Vilyalta, Şuster, Ronaldo, Laudrup – onların sırasında artıq “satqın” Fiqo da vardı...
       Yadınızdadırsa, ən azı, o hər kəsin önündə “Barsa”nı tərk etməyəcəyini, bu komandanı qoyub getsə, onların gözünə baxa bilməyəcəyini demişdi. Bir gün sonra o artıq “Real Madrid”lə müqavilə imzalayırdı... Dostlarımsa mənim yanımda ilk məhəbbətimi ələ salırdılar – “Kişi tüpürdüyünü yalamaz. o kişi döyül!”.
          Bilmirəm, kataloniyalılar  üstündən 11 il keçsə də, Fiqonun 5 illik fəaliyyətindən sonra verdiyi bu qərarı unuda bildilər, ya yox. Azarkeşlər isə, deyəsən, hər şeyi unutmuşdular. 100 ən yaxşı futbolçu siyahısına adını yazdıran, dəfələrlə İtaliya, İspaniya və Portuqaliyada ilin futbolçusu olan, Avropanın ən yaxşı futbolçusu ünvanını qazanan Fiqo 2009-cu ildə son oyununu oynadı. “İnter” və “Atlanta” arasında keçirilən oyunun 42-ci dəqiqəsində kapitan Fiqo əvəzləndi. Oyun bir neçə dəqiqəlik dayandırıldı. Rəqib komandanın oyunçuları bir cərgədə dayanıb onu alqışlarla meydandan yola saldılar..
        11 il əvvəl olduğu kimi mənim gözüm bu dəfə də ekranın sağdaydı. Ehtiyat oyunçular skamyasında əyləşən Fiqoda. O, məyusdu, bir az da kədərli.. oyunun sonuna qədər də gözümü ekranın sağ tərəfindən çəkmədim. Elə istəyirdim ki, orada olum. Birdən böyük ekranda məni göstərsinlər. Mən də əlimdə plakat tutum: “Fiqo, səni meydanda sevirəm”. O da bunu görsün, arvadını, uşağını atıb mənlə evlənsin. Demişdim axı, hind filmləri nə vaxtsa axırıma çıxacaq... ya da... Bilirsiniz, çox əvəzləmələr ola bilər - tək 42-ci yox, həyatımızın istənilən dəqiqəsində. Amma əvəzlənməyən bir şey var – o da ilk məhəbbətdir... o da Fiqodur!
P.S. 6 yaşına kimi Luis Fiqo gəzə bilmirmiş. Amma bu onun futbol oynamasına mane olmadı...
http://premyerliqa.az/?goal=articles&id=32

                                    müəllif: Nərmin Nöqtə 

26.03.2011

Kim uduzdu, kim uddu?

      6-7 yaşım olardı. Hələ onda atam“evcik-evcik” oyununda cavanlıq şəkillərindən birinin üstünə qələmlə hücuma keçdiyimi görməsəydi, gəlib onu əlimdən alıb, şəklə baxa-baxa “atan Maradona olub ee” deməsəydi,yəqin ki, bu gün futbolla yaxından-uzaqdan heç bir əlaqəm olmazdı. Açığı, 4 dünya çempionatı görmüş, hələ üstəlik, XX əsrin 3-cüsü olan "argentinalı atamın" mövcudluğu məni sevindirirdi. Uşaq sadəlövhlüyümün “barıtını çox elədiyimdəndir” ki, ekranda o tərəfə, bu tərəfə qaçan “mavi şortikli kişi”nin evdə məndən 5-6 addım arxada oturan atamla eyni adam olduğunu düşünürdüm. Həə, bir də.. fikirləşirdim ki, futbol sadəcə oyundu..
      Deyim ki, atamın Maradona olmadığını başa düşmək elə də çox vaxtımı almadı. Bax, amma futbolun sadəcə oyun olmadığını görmək üçün uzatma dəqiqələrinə qədər getməli oldum. Ehtiyat oyunçular skamyasında gözləyən reallığı oyuna buraxandan sonra özümdə bərkitdiyim “taktika”lar yavaş-yavaş dağıldı. Başa düşdüm ki, “adı olub, özü olmayanlar” cərgəsinə daxil edilən futbolumuza “siz qapımıza bacardığınız qədər qol vurursunuz, biz isə sizin qapıya istədiyimiz qədər” ifadəsinin yaraşdırılması xeyirə yozulmamalıdır. Dedim, bəlkə, elə bu cür yozumlardandı ki, qalib gələn Azərbaycan, qol vuran banqladeşli olur?!
       Söz qalibiyyətdən düşmüşkən, bu yaxınlarda (red. müsəlmənın "bu yaxını") Bakı sevinc içində idi. Birlik Kubokunun ¼ oyunlarında paytaxtın “İnter” klubu Ermənistanın “Mika” komandasını 4:0 hesabı ilə “darmadağın”etmişdi. Gözəl səslənirdi. Elə səsləndiyi qədər də gözəl görünürdü. Amma Primyer Liqa birincisinin Ermənistan dördüncüsünü məğlub etməsi, bu bir kənara, gözə kül üfürən Rusiyanın candərdi təşkil etdiyi Birlik Kuboku oyunlarına yalnız Azərbaycanın “ciddi” hazırlaşması 60 yaşlı kişinin 5 yaşlı uşağı “aşıq-aşıq” oyununda udub, “həriii, yes, yes” deməsinə oxşayır. Rusiya da özfəaliyyəti ilə UEFA-nın saçını oxşayır. Dünya futbolu isə get-gedə siyasətə oxşayır. Rusiya Gürcüstüna qoşun yeritdi, Gürcüstan da futbola siyasət - “böyük qardaş”ın acığına oyundan çıxdı. Azərbaycan da Ermənistandan Qarabağın “hayfı”nı çıxdı..

         Bax, elə bu cür – yavaş-yavaş siyasi ədavətdə olan dövlətlər də, elə ədavətsiz dövlətlərin siyasəti də futbolun axırına çıxdılar. Deyəsən, iddiam böyük səsləndi. Axı, futbol onsuz da lap əvvəldən, doğulduğu beşiyində - Britaniyada siyasi don geyinmişdi.  Hamımız bilirik ki, Şotlandiya, Uelsin və Şimali İrlandiya İngiltərinin tərkibində olan  ərazilərdir. Bəs, yaxşı, bilirsinizmi ki, bu "dövlətciklər"in meydanda göstərdikləri "klass" futbolun özü deyildi, sadəcə milli özünütəsdiq idi? Demə, hətta  kimimizin sino getdiyi, kimimizin uğrunda ailə dağıtdığımız, nə bilim qurbanı olduğumuz - Milan,İnter, Yuventus klubları da sağçıların və solçuların qurbanıdılar. Ya da götürək, Barselonanı. Axı, o da kataloniyalıların ŞƏRƏF komandasıdı.
       Elə Mussolini də futbolun başına ip salanlardan olub. Eşidəndə ki, o,1938-ci ildə keçirilmiş dünya çempionatında milli yığmaya “qızılı udmasanız, söz verirəm ki, hamınızı güllələyəcəm” deyib, təəccüblənmədim. Futbolda topla müharibə aparılırsa, italiya mafiyasının top qarşıq futbolu oynatmasından təbii nə ola bilər ki?!
       Oynatdıqları futbolçuların meydanda topu rəqibdən almağa cəhd etdikləri kimi, siyasətçilər də özlərini çox yox, bir az ələ alsaydılar, bəlkə də, hazırkı mənzərədən fərqli bir şey haqqında yazardım. Ona görə də bu gün mənim üçün futbolda “ədalətli oyun” axtarmaq “vicdanlı siyasətçi” ifadəsi qədər absurd görünür.
       Futbol “offside” vəziyyətində ola bilər. Oyun ki, hələ bitməyib. Əsası, ağ bayraq qaldırmayaq. Çünki futbol təslim olmağı sevmir.

                                                          MÜƏLLİF: NƏRMİN NÖQTƏ 


21.03.2011

Təsadüfi İnsanlar ( II hissə)

    Baxın, tibetli. Heç bilmirəm, Google`da 3 saata yaxın vaxt keçirib sizin bu mürəkkəb konstruksiyalı həyat tərziniz haqda geninə-boluna məlumat topladığım üçün sevinim. Yoxsa, tanımadığım birinə görə bu qədər vaxt sərf etdiyimə peşman olum. İstənilən halda, hər hansı boşluq yerinə məktubunuzun gəlib məni tapması xoşdu. Belə görürəm ki, sizdən çox şeylər öyrənəcəm..

    Neapoldanam. Yəni orda doğulmuşam. Neapol İtaliyadadır. Yəqin ki, bilirsiniz də. İnciməyin belə yazdığıma. Niyəsə mənə elə gəlir ki, tibetlilər bir az, lap az eee, savadsız olurlar. Həə.. belə..
Atam yəhudidir. Ona qalsa, yəhudiləri çıxmaq şərti ilə, bütün xalqlar başlarından başqa hər yerlərini işlədirlər. Anamsa almandı. Təəccübləndin, hə? Təsəvvür edirsən, mən də ağlım kəsən vaxtı bunu biləndə təəccübdən gözüm 1 həftə atmışdı. Demə, mərci uduzduğuna görə evlənibmiş onunla. Bir sözlə, mərcdən doğulan uşağam. :)
      18 ildi ki, burdayıq. İtaliyanı sevirəm. Neapolsa ürəyimdi. Tələbəyəm. Sən orda minillik heykəllərin tozunu alanda, mən gecələri part-taym işlədiyim barda sərxoşların məhəbbət hekayələrinin tozunu alıram. Qulağımla işləməyi o qədər irəlilətmişdim ki, hətta bir ara monastra getməyi də düşünürdüm. Amma bilirsiniz, uzun geyinmək mənlik deyil. O ətəyi bir balaca qısaltsaydılar, yəqin indi gecə-gündüz ancaq bir kişinin canına dua edəcəkdim. Ancaq dua edəcəkdim haa, onunla başqa heç nə edə bilməyəcəkdim. Ürək istərdi ki.. təəssüf. Özləri bilər!!!
        Atam dinə bağlı insandı. Bu sarıdan nəsə keçib mənə də. Amma, bir az hərdəmxəyalam. Ona görə də bir gün İudaya, o biri gün Məryəmə işləyə bilərəm. Ciddi deyirəm eee. O da bunu yaxşı bilir. Deyir, anamın işləridi. Atam belədi dəə. Həmişə hər şeyi kiminsə üstünə atır.
    ..dilimi dəyişmək istəməmişəm heç vaxt. Belə başa düşmürlər məni, o ki qaldı, hansısa linqivistik evrikaya imza atanda.
     …atam da, anam da, elə bütün qohumlar mənə Adina deyir. Mənsə özümü Edi kimi tanıyıram. İtimi də Edi çağırıram. Onunla hər şeyimi bölüşürəm, adımı belə. Ediii..
       Özü də, məncə, belə daha gözəl səslənir. Oğlanların da xoşuna gəlir. Edi sizin xoşunuza gəlir?
Bir sualım da var, siz bu qədər işi niyə görürsünüz, axı? Qəndillərin yağını dəyişmək, heykəllərin tozunu almaq, budaya salam vermək. Usta olmaq nəyinizə lazımdı? Bəlkə, siz də kreslonuzu bir balaca, çox yox ee, azacıq qaldırmağın həvəskarısınız, həə?
     Xətrinizə dəyməsin, belə görürəm ki, dəyişiklik sizə daha çox lazımdı. Məsələn, gününüzə budaya salam vermədən başlayın bir gün, dünya dağılmaz ki?
Az qala unutmuşdum, eyy sən, tibetli, “Rén de línghún” adını sənin atan qoyub, yoxsa bu öz kəşflərindəndi, həə??
     Özü də gələn dəfə yazanda, məktubunu “Centro Direzionale Isola A/7. Neapol” ünvanına yolla. Ürəyin də rahat olsun ki, yazdığın mütləq kiməsə çatacaq. Bu arada “sən” dedim. Dəyişikliyə burdan başla, məsələn :)

Edi`dən tibetliyə
ciao


                                                           
MÜƏLLİF: NƏRMİN NÖQTƏ 


Təsadüfi İnsanlar ( I hissə)

Salam.
Sən hərdən tanıdıqlarından qaçmaq istəmisən?
Sənə hərdən yaşadığın şəhər, ölkən, millətin, irqin biganə gəlib mi?
Dilini unudmaq istəmisən mi?
       Ailəm Lhasa-da yaşayır. Mənsə Tibetin ən zəngin bölgəsi olan Gangdisi dağının şimalında, mənzərəsini çox sevdiyim Yaluzangbu çayının aşağı hissəsindəki Shannan bölgəsindənəm. Bura ən qədim Tibet ənənələrini pozmamış bir yerdi. Mən burda Tibetin ilk məbədlərindən olan Tangchangzhu məbədində işləyirdim. Amma daxili səfərimi tamamlamaq üçün köhnə Tufan İmperiyasının beşiyinə getmək qərarı aldım.
      İndi Drepung məbədində işləyirəm. Günlük gətir-götür işləri. Yəni, o qədər də maraqlı deyil əslində. Burada min illik ömürə sahib heykəllərin tozunu alıram gündüzlər. Gecələrsə ibadət edirəm. Küləklə sevişən yarpağam mən, amma hələ budağımdayam. Bilirəm, ömrümün payızında qobup ən dərin köklərimdən, bədənimi buraxacam küləyin təslimiyyətinə.
      Bu gün çox işləmişəm. Qəndillərin yağını dəyişmişəm. Sonra yanımdakı çaydanlardan onlara yak yağı tökmüşəm. İnsanların dualarına kömək edirəm mən. Hər səhər ən tezdən durub, Budaya salam verirəm və başlıyıram vəzifəmə. Məndən əvvəl milyonlarla mürid mənim etdiklərimi etmişdir. Bunların bir çoxu Ustalığa çatmışdır. Amma adlarının qalmağına icazə verməmişlər. O qədər eqosuz olmuşlar ki, bədənləri torpağa, ruhları göylərə qarışmışdır və bu xalis şüurun geridə qalması deməkdir.
      Sadəcə, yazmaq istədim.
     Tanımadığım bir şüurla danışmaq istədim.
     İndi Gelug-pa meydanına getməliyəm. Manastırın bugünkü sadə alış-verişini etmək üçün sıra mənimdi.
Məktubun çatıb-çatmayacağını bilmək, boşluğa yazmaq kimidir.

Ən dərin sevgilərlə
Tibetli Rén de línghún

                                                           
MÜƏLLİF: ƏLİ XƏYYAM

Təsadüfi İnsan

Ölkəni, şəhərini, məhəlləni, binanı unutmaq, otağında olmamaq, başqası olmaq, bir başqa bədənlə, bir başqa tale ilə örtülmək.
      Əli Xəyyam və Nərmin Nöqtə tanımadıqları, heç bilmədikləri iki insanla maskalanmaq istədilər.
      Bilmədikləri, tanımadıqları insanlar oldular, heç bir cümləni əvvəlcədən düşünmədən, sadəcə başqası kimi yazdılar. Məktublaşdılar.
      Və bu məktublaşmalar, get-gedə bir roman havası almağa başladı.
      Tibetdən Rén de Línghún (Əli Xəyyam)

       İtaliyadan Edi (Nərmin Nöqtə)
Bu iki nəfərin hekayəsi və həyatı sizə çox tanış gələcək..