17.12.2011

Nöqtəli etiraf

Küçük İskəndər: “Amma ben bir gün soyunursam, tüm tarihim çıplak kalacak”. 

Ona görə də özüm haqda ordan-burdan, az-maz, ölçüsündə, qədərində.. 


       1) Mənə yaxşı pul versələr, bütün potensialımı ortaya qoyaram. Hələ ki, burda "təkər qaraldıram". 





      2) Ramin Hacılı məni “Alma” qəzetinə aparmasaydı, orada az-çox imzam tanınmasaydı, bu gün kənardan yəqin ki, bu qədər iş təklifi almazdım.

 3) “Alma” qəzetini Turxan Qarışqa və Samirə Nəcəf`ə görə alırdım. Məhz ikisinin yazılarını qəzetdən kəsib - albomum vardı, ora yapışdırırdım. Bir gün o albomu üzə çıxaracam. =) Turxanla Samirəni isə indi bu birləşdirir:
                                         




      4) “Dalğa”nın kreativ aksiyaları üçün darıxmışam. 




   5) Son iki ilə qədər insanlarla öz aramda elə bir sərhəd qoymuşdum ki, mənə Nöqtə xanım deyirdilər. Hərdən bu cür sərhədlər üçün burnumun ucu göynəyir. 

    6) 10 il əvvələ kimi sabun yeyirdim. Valideynlərim məni ənənəvi “üsulla” başa saldı. İndi çiy dolmaya keçmişəm. Çiy kələm də qarnı açır. Sınamışam.

    7) II sinifdə oxuyanda anamın batareyası qurtaran qızıl saatının xarab olduğunu düşünürdüm. 8 martda onu “təmir edib”, üstündən kamaz keçmiş vəziyyətdə kravatın altına atan və bunu bacımın elədiyini deyən MƏNƏM. 

  8) Yemək bişirə bilmirəm. Məktəb illərimdə bir orduya çatacaq düyünü qaynadıb, xiyarı soğanla qızardırdım. Sonra onları qarışdırırdım. Dadanda mənə elə gəlirdi ki, yemək alınmayıb. Özümü sındırmayıb bir boşqab yeyirdim. Amma hər dəfəsində qazandolu yeməyi kloka yığıb stenkanın dalında gizlədirdim. İyi evi basanda, anam tapırdı. Zamanla anladım ki, mətbəx mənlik deyil. 

  9) Yeniliyə açığam, tərbiyəsizliyə isə qarşı isə radikal konservativəm. Bu günə qədər mənəvi olaraq qazandığım hər bir dəyəri markezkimilərinə borcluyam. Əksər yeni nəşrlərsə “inqilab”a yaxın getmir, sadəcə “əyləndirir”. 

  10) Yaşıl olan hər şeyə qarşı sonsuz tolerantlığım var. 

 11) Rusdilli oğlanın "nətəəər ee. olammaaz!" deməsindən ötrü ölürəm. 

   12) Hal-hazırda, həyatımda çox şey sual altındadır. Elə nöqtə də. 

  13) Uğurlu qadının əri olmaq, necədir bilmirəm. Bax, uğurlu kişinin xanımı olmaq tamam başqa zövqdür. 

  14) Hiss edirəm ki, son aylarda barıtımı çox eləmişəm. Hər kəsin həddini bilməsi heç kimə ziyan vurmaz. Əksinə, xeyri dəyər. 

  15) Bədbəxtlik də orasındadır ki, məndə enerji daşır-tökülür, amma doğru yerə yönəltməyi hələ də öyrənə bilməmişəm.

  16) İstənilən siyasətçi ilə, siyasətçi olmağa cəhd edən və ya bunu ağlının ucundan keçirən insanla istənilən mövzuda söhbət aparanda, sən onun üçün "bişirdiyi" seçicisən. Mən də bir dəfə bu tələyə düşmüşəm. 

   17) 1 bakal piyvə məni aşırtsa da, 4 stəkan araq heç nə edə bilmir. 

   18) Yenidən yazmağa başlayanda ətrafımda olan hər kəsi və yaşanan hər şeyi xammal, ya da laboratoriya "siçanı" kimi görürdüm. Ki indi də elədir. 

  19) Dərdli kişi (özünü yazıq yerinə qoyan yox!) bir başqa dərindi, bir başqa gözəldi, cəlbedicidi niyəsə. 

  20) Ütülü paltar geyinə bilmirəm. Heyf deyil, paltar qırış-qırış olsun. Ütülü paltar geyinən oğlanlara da pis baxıram. 

   21) Bizdə istər 100 sistem dəyişsin, 100 adam gəlib başımızdan keçsin, gələn hər kəs öz "ətrafını" qabağa çəkəcək. Mən elə edəcəm, ən azı. Etməsəm, üzümə tüpürərlər. 

 22) İlk dəfə saqqız yerinə, köhnə radioların dördbucaqlı batareyaları olurdu ha, bax, onu çeynəməyə cəhd etmişəm. 

  23) İçib dava salan kişidənsə, içib yatan kişi yaxşıdı.

 24) Şparqalkanı imtahan vərəqəsinin arasında unudub nəzarətçiyə vermək kimi bir hal var haaa. Bax, o vəziyyət başıma gəlib. Dəhşətdi. Getsin, gəlməsin bir də :/ 

  25) Liftdə 9-u basıb 1-ə düşmək, 5-i basıb 8 -ə qalmaq – darıxmışam belə şey üçün. 

  26) Ağlıma gətirməzdim ki, nə vaxtsa dostlarıma "üzr istəyirəm", "xahiş edirəm", "zəhmət olmasa", "çox sağ ol" və bunlar kimi neçə-neçə "sərhədli" sözlərlə müraciət edəcəm. "Dostlar arasında bunlar olmamalıdır,axı", deyərdim. amma olurmuş. 

  27) "Hər şey"dən və "hamı"dan çox olanda, zibili çıxır. 

   28) Arzularımı da yorğanıma görə uzadıram. 

   29) Şorgözlük ciddi-ciddi hobbimə çevrilir. 

 30) Ağır - ciddi - sanballı- xasiyyəti tünd olan oğlanlardan xoşum gəlir :D 

  31) Bakı Slavyan Universitetinin qadınlardan ibarət yığma komandasında top rəqibdən out`a çıxdığı halda, onun dalınca qaçıb anidən divara girdim. Bu giriş futboldan çıxışıma səbəb oldu. 

  32) Şahruk Khanın dəlisiydim ki, indi də dəlisiyəm. Hesabını itirmişəm, neçə posteri, kasseti, mahnısı, şəkilləri var məndə. 

   33) Uzun müddət dərsə atamın corablarını geyinib getmişəm. Onun dəsmalları ilə burnumu silmişəm, onun ətirlərini vurmuşam. 

   34) Üzüyumşağam, nə qədər əclaf olur-olsun, heç kimə nifrət edə bilmirəm. Ən pis halda, o insana yazığım gələ bilər. Ona görə də kim istəsə, təpəmdə otura bilər. 

  35) Dostlarıma qarşı olan qısqanclığım sevgilimə qarşı olmaz yəqin. Onları paylaşmağı sevmirəm. 

   36) Acı bibərlə çay içməyi sevirəm. 

  37) “Kitab yazsam, kim oxuyar?” sualını tez-tez özümə verirəm. 


 38) Bu etirafı isə mənim yerimə çoxhörmətli, ümumrespublika şöhrətli xanım edəcək:


  39) O gün metroda stiker yapışdıranda, gözlərim yaşardı. Vətəndaş mövqeyindən nə qədər aralı düşmüşəmmiş. N!DA sağ olsun!
   40) 40 müqəddəs rəqəmdi. Ona görə də belə çox gülməli bir etirafla tamamlayım: Əbu Bəkr bağlanmazdan əvvəl, cümələri Qamətə qulaq asmağa gedirdim.

         



 P.S. Bu yaxınlarda, tədbirlərdən birində yaxşı mənada “bərkgedən” xanım, zalda yaxşı mənada “bərkgedənlər” deyil də, ictimai sektora yeni qoşulanları görüb: “Bu nədi, qıjılar yığışıb ki bura!” deməsini eşitdim. Nifrət edə bilmədiyim üçün, bir vaxt hörmət etdiyim bu xanıma indi yazığım gəlir. Qınından çıxıb qınını bəyənməmək bünövrəsi olmayıb, göydə asılı qalan 10-cu mərtəbə kimidir. Bu isə fantastikadır. Fantastika isə bir yerə qədər maraqlı olur. Sonra ürək bulandırır.

08.12.2011

Blogger Azər Aydın`a verdiyim müsahibə


“aydın düşüncə”
Qərara gəldim ki, heç olmasa həftədə bir dəfə ictimai sektorunda aktiv olan əjdahaları tam fərqli bir baxış bucağı altında sizlərə təqdim edəm.
İLk qonağım atom nöqtəsi funksiyasını daşıyan NƏRMİN NÖQTƏ-dir :)
Qısaca olaraq format haqqında məlumat verim. Beləki, mən hər həftə müxtəlif, ancaq mahiyyət baxımından bənzər olan suallar toplayaraq , ictimai sektorda fəal olan vətəndaşlarımıza ünvanlayacağam.
Ümid edirəm ki, sizə də maraqlı olar :)
1.     Siz kim idiniz və kim oldunuz?
 - Döl idim, insan oldum. Nəbiyeva  idim, Nöqtə oldum.  Nə bilim. Barama idim, ipəkqurdu oldum.  Bir sözlə, gizlindən aşkara doğru :))

2.     Kariyeranızda hədəfiniz nədir?
-İxtisasım jurnalistikadır. Az-çox nəsə yazıb-pozuram. Ən çoxu nələrisə, kimlərisə dəyişməyə, ən azı - nələrisə və ya kimlərisə olduğu kimi göstərməyə çalışıram. Əsas hədəfim tələbə auditoriyasına girməkdir. Sizə bir şey danışım. 11-ci sinifə - peşə seçiminə qədər evdə əmin idilər ki, ibtidai sinif müəlliməsi, ya da coğrafiya müəlliməsi olacam. Demək olar ki, 10-cu sinifə qədər dərslərimi aboylarımızın köməyi ilə öyrənirdim. Rombvari naxışları vardı aboyların. Hər bir xanasına bir sinif yoldaşımın adını yazmışdım. Dərsi öyrənəndə, hansısa hissəsini danışmaq və ya təkrarlamaq lazım idisə, bir-bir xanadakı şagirdlərimi xəyalən ayağa qaldırırdım. Danışırdılar, daha doğrusu, onların yerinə mən danışırdım. Səhv edəndə, azı, 2 dəfə təkrar danışmaq şansı verirdim. Dərs beynimə girməyəndə də, xanadakıları xətkeşlə döyürdüm. Anam deyirdi ki, qızın başı xarabdı. Xəyali şagirdlərimi divarın küncünə qoyan vaxtlarım da olurdu. Jurnalım vardı, 15 uşağın adına yazdığım imla dəftərlərim də vardı. Belə..
       10-cu sinifdə oxuyanda tez-tez 5-6-7-ci sinifləri əvəzləməyə gedirdim. Dərs deməkdən, öyrətməkdən zövq alırdım. Səbrli olmaqdan, sona qədər dinləməkdən zövq alırdım. Əsası, uşaqların mənə “Nərmin məəəəlliməəə” deməyi nəyə desəniz, dəyərdi. Bir məsələni qoyub, o birisinə keçirəm. Deməli, Həmayil adında ibtidai sinif müəlliməm var idi. Çox balaca idim, boyum lövhəyə çatmırdı. O biri uşaqların yanında pərt olurdum. O ki, məni qucağına alıb qaldırdı haa yuxarı, bax, onda anladım ki, mən müəllim olmalıyam. İnsan ilk dəfə düşəndə, onu yerdən qaldıran ilk insanı heç vaxt unutmur. Bəlkə də, unudulmamaq üçün hədəfim müəllim olmaqdır.. nə bilim :)

3.     Ən cox itirməkdən qorxdunuz şey nə və ya nələrdir?
 -İtirməyə məhkum olduğumuz şeyləri (insanlar, iş, həyat və s.), itirib də geri qaytara biləcəyimiz şeyləri (sevinc, inam, ümid, arzular, bəxt üzüyü və s.) itirməkdən heç qorxmuram. Yalnız bir şeyin yoxluğu məni çox qorxudur. Onu itirdikdən sonra itirməyə heç nəyin qalmır – o da ürəyimin, düşüncə və əməllərimin allahıdır, yəni vicdanım.  

4.     Nəyə görə könüllü olaraq ictimai fəaliyyət göstərirsən?
 -İctimai sektor olmasın, istənilən məsələdə kömək edəndə insan itmir, itirmir, əməyi də itirilmir. Əksinə, nələrisə paylaşdıqca artır, artırır da. Könüllü iş elədir ki, ora ürək qoyursan. Ürəyini qoyduğun yeri də gözün kimi qoruyursan. İndi siyasi, ictimai, sosial və s. kimi sahələrdə o qədər problemlər, o qədər qarmaqarışıqlıq, dağınıqlıq var ki. Hansısa vasitə ilə 1% olsa belə, məsələlərin həllinə kömək etməyin sosial məsuliyyətin, vətəndaşlıq borcundur. O yerdə ki, öz maraqların ictimai maraqları üstələyir, deməli, sənin rüşvətxordan heç bir fərqin yoxdur.

5.     Qadını seksi göstərən detallar hansılardır?
 - Yəqin ki, çoxluq - dodaqlar, sinə, yançaq və düz ayaq deyər. Mənə görə - incə üz quruluşu, fındıq burun, nazik dodaq, arıq bədən, bir adamın əli boyda sifət, bapbalaca əl, sərçənin ürəyi kimi döyünən ürək, ağıl və istedad. Anladınız yəqin, söhbət məndən gedir :)

6.     Yatmamışdan öncə tavana baxıb ən çox nələri düşünürsən?
 -Bu barədə bir dəfə facebook`da status yazmışdım. Status belə idi: “Belə yerdə deyirlər ki, yüngülü başını yastığa qoyana qədərdi. Gözlər ki tavana dikildi, yalnızlıq ondan sonra başlayır. Hər bir insan tamamlanmalıdır – kimisi kitabın, kimisi siqaretin, kimisi dayanacağın, kimisi gün doğumunun köməyi ilə. Uzatdıqca uzanacaq bu siyahı. Tavana baxıb düşünürəm ki, bəs kimlər və ya nələr nöqtədə tamamlanacaq. Sonra da yuxulayıram..

7.     Sizə qarşı edilmiş ən çox sevdiyiniz təklif nədir?
      -Çörək növbəsi olan vaxtlardı. Söhbət gedir 1994-cü ildən. Yaşca da, ağılca da, fiziki göstəricilər baxımından da balaca olduğuma görə, növbədə məni həmişə geri-geri atırdılar. Ya dünənki çörəklə gedirdim evə, ya da yanıq, quru çörəklə. Anam da hirslənirdi. Bir dəfə bir kişi gördü ki, məni yerə geri-geri atırlar. Gözlərimi də belə iri-iri açıb, yavaş-yavaş boşalan çörək piştaxtalarına baxıram və ağlayıram – dedi ki, verim yerimi sənə? Mənə hələ belə gözəl yer göstərən olmamışdı. Yadıma gəlmir ki, o yer kimi kiminsə təklifi ürəyimdə, bax, beləcə yer eləsin.

8. Niyə oğlanlar ayrıldıqları qızlar haqqında sonralar pis, ədəbiz fikirlər yürüdürlər?
  - Ərəblərdə maraqlı atalar sözü var. Deyilir ki, kimisə əxlaqsızlıqda ittiham edən əxlaqca məhv olan biridir. Ona görə bu yerdə susuram. İkincisi, həmişə deyirəm ki, nələrisə yaşamamış kiminsə yerinə özünü qoymaq və hansısa fikir söyləmək bərbərin Ərdoğandan danışması, qatıq satanın İranın “məhv edilməsi” planlarını müzakirə etməsi qədər boş və mənasızdır. Ümumi bir şey deyəcəm, itirəndən sonra kəmərimizi bərkidib, başqasını qurşaqdan aşağı vurmaq əsrlərin süzgəcindən keçib bu günümüzə qədər gəlib çıxan ənənəmizdir. Onun qədəmlərinə qurban :))

9. Uşaq vaxtı dostlarınız tərəfindən verilmiş təxəllüsünüz nə idi? İndi də varsa, deyin.
 - Dostlar da, evdəkilər də mənə tez-tez nərçə-sərçə, ya da nöqtə deyirdilər.Təxəllüs götürməyin vaxtı çatanda, düşündüm ki, hansını dövriyyəyə buraxsam, yaxşı çıxar. Dedim, Nərmin Sərçə nəsə yaxşı səslənmir, Nöqtə olsun. Anam hərdən məni “doğzanqurdu” çağırırdı. Deyirdi ki, elə-beləsindən deyiləm. Mal poxunun içindən çıxmışam. Ona görə də rəngim belə qaradı, özüm də belə çəlimsiz.

10.   Kişilərin vücudunda sizi cəzb edən yer    harasıdır?

1) Bilək – güclü və qalın olmalıdır.  2) Əl – iri olmalıdır; əllərim kiminsə əlinin içində itəndə zövq alıram. 3) Saqqal. Nə qədər çirkin olursa, olsun  -  saqqalı varsa, kişi diqqətimdədir. 

11.   Adətən gün ərzində neçə manat pul xərcləyirsiniz? Və nələrə?
      1) 40 qəpik – metroda gediş haqqı  2) 30  qəpik - çörək 3) 40 qəpik - ayran 4) 1.20 qəpik - badımcan kürüsü. Ümumi: 2 manat 30 qəpik. Arada dostlarla oturanda xərclənən pulu saymıram. Günlük xərclərimin içinə siqaret pulunu da əlavə edərdim, amma  artıq siqareti atmışam. Uraaaa :))

12. Niyə bütün qadınlar gəlinlik geyinmək,uşaq sahibi olmaq istəyirlər?
 -Həqiqətən, mən də başa düşmürəm bu qadınları. Niyə, görəsən?! Evliliyə qarşıyam, özü də kəskin şəkildə. Amma uşaqla bağlı bir arzum var ee:
      İstəyirəm ki, özümdən kiçik qardaşım olsun, onu oğlum kimi saxlayım. Nə bilim, məktəbə aparmaq, ayaqqabılarının bağını bağlamaq, bulku almaq, o yesin mən onun yeməyinə baxım - mənə davalarından danışsın, ilk sevgisindən - yanaqları qızarsın, futboldan danışsın - necə qol vurmağını əllərini sağa-sola atmaqla, belə gözünü iri açıb danışsın, danışsın. mən də sakitcə qulaq asım və s. Ürəyim istəyir, həm də çox.

13.   Bu günə kimi sizə edilən ən iyrənc təklif?
         - II kursda oxuyurduq. Sərbəst mövzu vermişdilər işləməyə. Mənə bomjlarla bağlı reportaj hazırlamaq tapşırıldı. Yeri gəlmişkən, Slavyan Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. O vaxtlar vağzal təmir olunmamışdı. Bomjlar gözləmə zalında skamyalara uzanırdılar. Nəsə, axşam saat 10-dan gecə 4-ə işləmişə kimi onların arasında qaldım. Xalam da o vaxtlar qalırdı Heydər Əliyev adına Sarayın yanında. Məsafə elə də uzaq deyildi. Nəsə, mən vağzaldan saraya tərəf düşürdüm ki, Heydər Parkının düz yanında patrul maşını saxladı. Dedi, neçəyə çıxırsan. Dedim ki, mənim yaşım çatmır e, əmi. Saf-saf gəzən vaxtlarım idi. Dedi, yaxşı görək, 2 manatdan razılaşaq otur. Qorxumdan şalvarımı isladırdım, həqiqətən. Dilim ağzımda qurumuşdu. Yaxşı ki, xalamın əri çıxmışdı sarayın yanına. Məni gördü, yaxınlaşdı tez bizə. Yəni, an məsələsiydi. Bu, aldığım ən iyrənc təklifdi. Əsası, ən iyrənc insandan aldığım təklifdi. Yeri gəlmişkən, düşünürəm ki, çıxanlardan olsaydım, qiymətimi baha edərdim )))    

14.     Ən çox işlətdiyiniz söyüş?
 - Söyüş söymürəm. Bir ara öyrənirdim, amma istifadəsi ruhuma ziddir. Söyə bilənlərə də yaxşı baxıram, belə trapesvari.

15.    Mikroba da mikrob bulaşar?
 -   Elə sual verirsiniz, belə çox gülməli! (c)

16.     Gələcəkdə qayınananıza necə xitab etməyi düşünürsünüz?
         -  Üfiqdə evlilik görünmür. Ona görə də şərt budaq cümləsində yazıb, işləri korlamayım. + məncə, hər kəs və hər şey öz adı ilə çağrılmalıdır.

17.    Fahişəlik sənətdirmi ?
 - Qadının fahişəliyi “incə” sənətdir. Burada da hadisələr iki istiqamətdə gedir: pərdə arxasında və pərdə önündə. Amma adət etdiyimiz tamaşalardakı kimi sənə sonda gül verilmir, alqışlanmırsan da.
İnsanın fahişəliyi isə ilahi ədalətsizliyin göndərdiyi vergidi – bu isə dəhşət bir şeydi.

18.   Əlinizdə imkan olsaydı, kişilərdə hansı cəhəti dəyişərdiniz?
         -  Kişi yox, insanda dəyişdirilməsi lazım olan cəhətlər var. Bu da ki, əbədi, əzəli, bəşəri problemlərdi. Bir cavablıq deyil.
  19. Səncə, mən sənin haqqında nələr düşünürəm?
 “Bu divarın yenidən aktiv olması, məni hal-hazırda çox sevindirdi.
Tanışlığımızdan bəri səninlə olan xoş münasibətimiz gözümün önündən film kimi  gəldi, keçdi. Sonda bir daha agah oldum ki, sən doğrudan da çox gözəl insansan. İnsanlığın və sahib olduğun o qızıl qəlbin qarşısında baş əyir, səni çox istədiyimi bir daha vurğulamaq istərdim ..”.  Azər Aydın 
http://azikaydin.tumblr.com/post/13868499216/ayd-n-dusunc