09.07.2014

HHC


Dünyanın düz vaxtında,
Dünəndən bu günə 365 gün keçəndə,
Çöldəki qışın soyuğunu,
İtin tələskənlikdən qar üstədolaşdırdığı izləri
Səsimdən dinləmək istədiyin şeiri -
Məsələn, bunu:


“Sevmek Nokta almaz Çocuklar.
Sevmeye nokta
koyan Sınıfta kalır.
Onun,
Virgülleri vardır Çocuklar.
Sevmek
noktalanmaz; O, noktadır”


30.04.2012

1 May haqqında çox şey


Dindi yenə xatirələr..

   

     Bu gün haqqında heç bir təsəvvürüm yoxdu. Hər il eyni ayın eyni günündə babamın medallarını sinəsinə taxıb küçəyə çıxmasını başa düşmürdüm. Əli aşağı düşdükcə, daha da yuxarı qalxan medallarını sevməsi bir yana, anlamırdım ki, axı, o niyə bu tarixi 2-3 gün əvvəldən gözləyir.. Niyə üzünü səhərin gözü açılmamış təmizləyir, toya gedirmiş kimi səliqəli geyinir.. Gözlədiyi vaxt yetişəndə babamı qocaldan, amma niyəsə xatırlaya bilmədiyi “yeni” şəhərin köhnə tanışlarını axtarmağa gedir..

     Babam danışırdı ki, həmin gün bütün şəhər başdan-ayağa rəngli şarlarla, güllərlə bəzədilərmiş. Qocası, cavanı, kişisi, qadını – hamı əvvəldən müxtəlif plakatlar düzəldər, rəngli kağızlardan maraqlı fiqurlar kəsər, rəngləyər, yapışdırar, öz bayramlarına hazırlaşardı. Demə, onda insanlar da rəngliymiş, fikirlər də, əllərində tutduğu şüarlar da, küçələr də, arzular da..
     İndi isə o bayram tarixə çevrilib. Tarix olanlara isə bir ad qoyulur – nostalji. Yəni, nə vaxtsa yaşanan, bir də geri qayıtmayan və yalnız xatırlana bilən..


Bütpərəstlikdən “qırmızı” bayrama

    Deyilənə görə, “1 may”ın kökündə bütpərəstlik dayanır. Özü də bayram təsadüfən əmək günü adlandırılmayıb. 3000 il əvvəl qədim italiyalılar ilahə Mayaya – torpaq və bərəkət himayəçisinə sitayiş edirmişlər. Hətta onun şərəfinə yazın sonuncu ayını “may” adlandırıblar.
    Bu ayın ilk günündə isə şənlik və təntənəli yürüş keçirərmişlər. Qədim italiyalılar elə düşünürdülər ki, bu cür bayramın müqabilində ilahə Maya yazda onların çəkdiyi əziyyəti qiymətləndirəcək. Torpaq tez “oyanacaq”, əkin bol olacaq, il məhsuldar keçəcək.
     Minilliklər ərzində formalaşan bu qədim İtaliya ənənəsi sonralar yavaş-yavaş müxtəlif ölkələrə yayılır. Avropanın xristian kilsələri bütpərəstliyin qalığı olan bu bayrama qarşı mübarizə aparırdı. 18-ci əsrin sonlarında  “1 may” bayramın keçirilməsi, demək olar ki, tamamilə qadağan olunur.
     “1 may” 19-cu əsrin sonunda ikinci baharını yaşayır. Yenidən doğulan bu bayram insanlar üçün tam fərqli anlam daşıyır..

“Zəhmətkeş” Çikaqo

    “1 may sizə nə deyir?” sualını ətrafınızdakı insanlara versəniz, əksəriyyətin cavabı belə olacaq:  “SSRİ-nin tərkibində olan 15 respublikanın zəhmətkeşlərinin həmrəyliyi günüdür”. Bəs, məlumatınız var ki, sosialist ruhlu bu “qırmızı bayram”ın kökü Amerikaya gedib çıxır? Daha dəqiq desək, hər şey 1886-cı ildə Çikaqoda başladı..
     Nə az, nə çox düz iki əsr əvvəl “Yeni torpaq”da insanların bu günkü “amerikasayağı arzuları” yoxdu. İllik gəliri 300 dollar olan orta təbəqəli işçinin müasir Amerika ağlının ucundan belə keçmirdi. Hələ üstəlik, az əmək haqqı müqabilində 15 saatlıq iş günü də vardı. O dövrlərdə ABŞ Konqresində belə bir ifadə tez-tez işlədilirdi: “Sənayenin inkişafı yolunda insanlar ölməlidir”. 
      Nəhayət, bir gün Çikaqo fabriklərinin birində fəhlələr heyvan yerinə qoyulmaqdan bezirlər.  İş vaxtının 8 saata qədər azaldılmasının tələb ilə nümayişə, etiraz aksiyasına başlayırlar. Fabriklər tətil elan edir və nümayiş 4 gün çəkir. Nəticədə, yüzlərlə etirazçı həbs edilir, 6 fəhlə öldürülür, 50-i isə yaralanır. Nümayiş rəhbərləri  - Parsons, Şpis, Enqel, Fişer 1887-ci ildə həbs olunurlar və ölüm hökmü alırlar. Rəhbərlərin edamı, mətbuatın onları “dövlətin gəmiriciləri” kimi təqdim etməsi, anarxist ittihamları fəhlələri dayandırmır..
      Nəticədə, 1889-cu ilin iyulunda Parisdə II Beynəlxalq Konqres mayın 1-ni “8 saatlıq iş günü uğrunda beynəlxalq mübarizə günü”, eyni zamanda, “Dünya proletar dövlətlərin beynəlxalq həmrəyliyi günü” elan edir.
   

SSRİ-yə gəlincə..


       Rusiya İmperiyasında bu bayram 1890-cı ildən qeyd edilir. “Qırmızı bayram”ı Rusiyaya gətirən səbəb isə Polşada fəhlələrin 1 may çıxışları olur. Bayram imperiya ərazisinə ayaq basar-basmaz, ona siyasi don geyindirilir. Nəticədə, Rusiyada  hər kəs 1 mayı kommunist günü kimi qəbul edir. Hətta onların şüarları da kommunistsayağı olur: “Kapitalistlərə daloy!”.
    1990-cı ilə qədər bu bayram “Dünya zəhmətkeşlərinin beynəlxalq həmrəyliyi günü”  kimi qeyd edilirdi. Günümüzdə isə “may bayramı” artıq əvvəlki siyasi donunu itirib . Hər kəs tərəfindən “Əmək və Yaz günü” kimi qəbul edilir.

Nə var, keçmişdə var

     Avropanın bir çox ölkələrində 1 may tamamilə fərqli anlamda başa düşülür. Məsələn, İspaniyada  mayın 1-i gül bayramı kimi qeyd olunur və hər il sevgililər bir-birlərinə gül bağışlayırlar.
    Almaniyada taa qədimdən may bayramı (Maifeiertag) şən əhval-ruhiyyə ilə keçirilir. Həmin gün küçədə kimisi oynayır, kimisi oxuyur, kimisi də yarmarkalarda cibinə münasib olan hədiyyələr alır. Almanlara görə, bu bayram yazın gəlişinin, təbiətin oyanışının, yeni həyatın başlanmasının “elçisidir”. Hər il mayın 1-i Almaniyada hamı evini həm xaricdən, həm də daxildən güllərlə bəzəyir. Niyyət edilir ki, bu yaz xeyir, bərəkət, sağlamlıq, uğur, var-dövlət gətirsin. Gecə ocaq qalanır, onun ətrafında almansayağı yallı gedilir, ocağın üstündən tullanırlar. Gecənin sonunda “May kralı” və “May kraliçası” seçilir.
                                         

     Qədim yunanlarda da 1 mayla bağlı maraqlı adətlər vardı. Məsələn, ilin bu günü müqəddəs şam ağacı Attisanın (Yer anası – Kibelanın əri) üzərinə yunla zolaqlar çəkərmişlər. İnanardılar ki, bu yolla o, yenidən diriləcək. Attisa ağacını təntənə ilə məbədə aparar, yürüş ərzində həmin ağacın ətrafında rəqs edərdilər. Bu bayram sonralar Xilariya adı ilə tanındı.

Ağacları bəzəyin
Qoy, arzunuz çin olsun!
    
    Qədim italiyanlar çiçək və yaz ilahəsi Floraya sitayiş edirdilər. Onun şərəfinə hər il mayın 1-də Florialiya adlı festival keçirilərdi. Zəncirə gülü ilə onun bütü bəzədilər, ətrafında rəqqaslar oynayar, onu mədh edən mahnılar oxunardı. Fikirləşirdilər ki, bu cür festival, ilahənin xoşuna gələcək və onların ili uğurlu olacaq. Müasir dövrdə isə oğlanların sevdikləri qızlara serenada oxuması 1 may bayramının onurğa sütunlarındandı.
     İngiltərə bu festivalla orta əsrlərdə tanış oldu. Mayın 1-də kənd təsərrüfatı ilə məşğul olan ingilislər gül dərmək üçün səhər tezdən durardılar. Sonra tarlada, ya da zəminin ortasında iri “May ağacı”nı qurardılar. Bunu adətən tozağacından düzəldər, üstünü çiçəklərlə bəzəyərdilər. Kənd adamları “May ağacı”nın ətrafında oxuyar, oynayardılar. Hamı qırmızı kostyum geyinər, yaxasına isə zınqırov asardı. Kəndin ən yaxşı qızı “May kraliçası” seçilərdi. Yelizavetanın vaxtında kral Robin Qud, kraliça Meyd Merian adlandırılırdı. Onu da deyək ki, puritanlar bu bayramı sevmirdilər. Daim çalışırdılar ki, “may bayramı”nın keçirilməsi qadağan edilsin.    Günümüzdə mayın 1-də Londonda uşaqlar qapı-qapı gəzib topladıqları gülləri satırlar. Yığdıqları pulu xeyriyyə cəmiyyətlərinə, fondlara bağışlayırlar.
    Fransızlar üçün may “Müqəddəs Mariya”nın ayıdır. Hər il mayın 1-də onun şərəfinə təntənəli yürüş keçirilir. Festivalda quyruğuna gül bağlanmış inək əsas fiqurdur. Yürüş iştirakçıları ona toxunmaq üçün bir-birləri ilə yarışırlar. Onlar inanır ki, inəyə toxuna bilsələr, bu, onlara uğur gətirəcək. Həmin günün səhəri də isti süd içmək xeyirə yozulur.
     Qazaxlar üçünsə 1 may “qazax xalqının birliyi” günüdür.

Nərmin Nöqtə

 




17.12.2011

Nöqtəli etiraf

Küçük İskəndər: “Amma ben bir gün soyunursam, tüm tarihim çıplak kalacak”. 

Ona görə də özüm haqda ordan-burdan, az-maz, ölçüsündə, qədərində.. 


       1) Mənə yaxşı pul versələr, bütün potensialımı ortaya qoyaram. Hələ ki, burda "təkər qaraldıram". 





      2) Ramin Hacılı məni “Alma” qəzetinə aparmasaydı, orada az-çox imzam tanınmasaydı, bu gün kənardan yəqin ki, bu qədər iş təklifi almazdım.

 3) “Alma” qəzetini Turxan Qarışqa və Samirə Nəcəf`ə görə alırdım. Məhz ikisinin yazılarını qəzetdən kəsib - albomum vardı, ora yapışdırırdım. Bir gün o albomu üzə çıxaracam. =) Turxanla Samirəni isə indi bu birləşdirir:
                                         




      4) “Dalğa”nın kreativ aksiyaları üçün darıxmışam. 




   5) Son iki ilə qədər insanlarla öz aramda elə bir sərhəd qoymuşdum ki, mənə Nöqtə xanım deyirdilər. Hərdən bu cür sərhədlər üçün burnumun ucu göynəyir. 

    6) 10 il əvvələ kimi sabun yeyirdim. Valideynlərim məni ənənəvi “üsulla” başa saldı. İndi çiy dolmaya keçmişəm. Çiy kələm də qarnı açır. Sınamışam.

    7) II sinifdə oxuyanda anamın batareyası qurtaran qızıl saatının xarab olduğunu düşünürdüm. 8 martda onu “təmir edib”, üstündən kamaz keçmiş vəziyyətdə kravatın altına atan və bunu bacımın elədiyini deyən MƏNƏM. 

  8) Yemək bişirə bilmirəm. Məktəb illərimdə bir orduya çatacaq düyünü qaynadıb, xiyarı soğanla qızardırdım. Sonra onları qarışdırırdım. Dadanda mənə elə gəlirdi ki, yemək alınmayıb. Özümü sındırmayıb bir boşqab yeyirdim. Amma hər dəfəsində qazandolu yeməyi kloka yığıb stenkanın dalında gizlədirdim. İyi evi basanda, anam tapırdı. Zamanla anladım ki, mətbəx mənlik deyil. 

  9) Yeniliyə açığam, tərbiyəsizliyə isə qarşı isə radikal konservativəm. Bu günə qədər mənəvi olaraq qazandığım hər bir dəyəri markezkimilərinə borcluyam. Əksər yeni nəşrlərsə “inqilab”a yaxın getmir, sadəcə “əyləndirir”. 

  10) Yaşıl olan hər şeyə qarşı sonsuz tolerantlığım var. 

 11) Rusdilli oğlanın "nətəəər ee. olammaaz!" deməsindən ötrü ölürəm. 

   12) Hal-hazırda, həyatımda çox şey sual altındadır. Elə nöqtə də. 

  13) Uğurlu qadının əri olmaq, necədir bilmirəm. Bax, uğurlu kişinin xanımı olmaq tamam başqa zövqdür. 

  14) Hiss edirəm ki, son aylarda barıtımı çox eləmişəm. Hər kəsin həddini bilməsi heç kimə ziyan vurmaz. Əksinə, xeyri dəyər. 

  15) Bədbəxtlik də orasındadır ki, məndə enerji daşır-tökülür, amma doğru yerə yönəltməyi hələ də öyrənə bilməmişəm.

  16) İstənilən siyasətçi ilə, siyasətçi olmağa cəhd edən və ya bunu ağlının ucundan keçirən insanla istənilən mövzuda söhbət aparanda, sən onun üçün "bişirdiyi" seçicisən. Mən də bir dəfə bu tələyə düşmüşəm. 

   17) 1 bakal piyvə məni aşırtsa da, 4 stəkan araq heç nə edə bilmir. 

   18) Yenidən yazmağa başlayanda ətrafımda olan hər kəsi və yaşanan hər şeyi xammal, ya da laboratoriya "siçanı" kimi görürdüm. Ki indi də elədir. 

  19) Dərdli kişi (özünü yazıq yerinə qoyan yox!) bir başqa dərindi, bir başqa gözəldi, cəlbedicidi niyəsə. 

  20) Ütülü paltar geyinə bilmirəm. Heyf deyil, paltar qırış-qırış olsun. Ütülü paltar geyinən oğlanlara da pis baxıram. 

   21) Bizdə istər 100 sistem dəyişsin, 100 adam gəlib başımızdan keçsin, gələn hər kəs öz "ətrafını" qabağa çəkəcək. Mən elə edəcəm, ən azı. Etməsəm, üzümə tüpürərlər. 

 22) İlk dəfə saqqız yerinə, köhnə radioların dördbucaqlı batareyaları olurdu ha, bax, onu çeynəməyə cəhd etmişəm. 

  23) İçib dava salan kişidənsə, içib yatan kişi yaxşıdı.

 24) Şparqalkanı imtahan vərəqəsinin arasında unudub nəzarətçiyə vermək kimi bir hal var haaa. Bax, o vəziyyət başıma gəlib. Dəhşətdi. Getsin, gəlməsin bir də :/ 

  25) Liftdə 9-u basıb 1-ə düşmək, 5-i basıb 8 -ə qalmaq – darıxmışam belə şey üçün. 

  26) Ağlıma gətirməzdim ki, nə vaxtsa dostlarıma "üzr istəyirəm", "xahiş edirəm", "zəhmət olmasa", "çox sağ ol" və bunlar kimi neçə-neçə "sərhədli" sözlərlə müraciət edəcəm. "Dostlar arasında bunlar olmamalıdır,axı", deyərdim. amma olurmuş. 

  27) "Hər şey"dən və "hamı"dan çox olanda, zibili çıxır. 

   28) Arzularımı da yorğanıma görə uzadıram. 

   29) Şorgözlük ciddi-ciddi hobbimə çevrilir. 

 30) Ağır - ciddi - sanballı- xasiyyəti tünd olan oğlanlardan xoşum gəlir :D 

  31) Bakı Slavyan Universitetinin qadınlardan ibarət yığma komandasında top rəqibdən out`a çıxdığı halda, onun dalınca qaçıb anidən divara girdim. Bu giriş futboldan çıxışıma səbəb oldu. 

  32) Şahruk Khanın dəlisiydim ki, indi də dəlisiyəm. Hesabını itirmişəm, neçə posteri, kasseti, mahnısı, şəkilləri var məndə. 

   33) Uzun müddət dərsə atamın corablarını geyinib getmişəm. Onun dəsmalları ilə burnumu silmişəm, onun ətirlərini vurmuşam. 

   34) Üzüyumşağam, nə qədər əclaf olur-olsun, heç kimə nifrət edə bilmirəm. Ən pis halda, o insana yazığım gələ bilər. Ona görə də kim istəsə, təpəmdə otura bilər. 

  35) Dostlarıma qarşı olan qısqanclığım sevgilimə qarşı olmaz yəqin. Onları paylaşmağı sevmirəm. 

   36) Acı bibərlə çay içməyi sevirəm. 

  37) “Kitab yazsam, kim oxuyar?” sualını tez-tez özümə verirəm. 


 38) Bu etirafı isə mənim yerimə çoxhörmətli, ümumrespublika şöhrətli xanım edəcək:


  39) O gün metroda stiker yapışdıranda, gözlərim yaşardı. Vətəndaş mövqeyindən nə qədər aralı düşmüşəmmiş. N!DA sağ olsun!
   40) 40 müqəddəs rəqəmdi. Ona görə də belə çox gülməli bir etirafla tamamlayım: Əbu Bəkr bağlanmazdan əvvəl, cümələri Qamətə qulaq asmağa gedirdim.

         



 P.S. Bu yaxınlarda, tədbirlərdən birində yaxşı mənada “bərkgedən” xanım, zalda yaxşı mənada “bərkgedənlər” deyil də, ictimai sektora yeni qoşulanları görüb: “Bu nədi, qıjılar yığışıb ki bura!” deməsini eşitdim. Nifrət edə bilmədiyim üçün, bir vaxt hörmət etdiyim bu xanıma indi yazığım gəlir. Qınından çıxıb qınını bəyənməmək bünövrəsi olmayıb, göydə asılı qalan 10-cu mərtəbə kimidir. Bu isə fantastikadır. Fantastika isə bir yerə qədər maraqlı olur. Sonra ürək bulandırır.

08.12.2011

Blogger Azər Aydın`a verdiyim müsahibə


“aydın düşüncə”
Qərara gəldim ki, heç olmasa həftədə bir dəfə ictimai sektorunda aktiv olan əjdahaları tam fərqli bir baxış bucağı altında sizlərə təqdim edəm.
İLk qonağım atom nöqtəsi funksiyasını daşıyan NƏRMİN NÖQTƏ-dir :)
Qısaca olaraq format haqqında məlumat verim. Beləki, mən hər həftə müxtəlif, ancaq mahiyyət baxımından bənzər olan suallar toplayaraq , ictimai sektorda fəal olan vətəndaşlarımıza ünvanlayacağam.
Ümid edirəm ki, sizə də maraqlı olar :)
1.     Siz kim idiniz və kim oldunuz?
 - Döl idim, insan oldum. Nəbiyeva  idim, Nöqtə oldum.  Nə bilim. Barama idim, ipəkqurdu oldum.  Bir sözlə, gizlindən aşkara doğru :))

2.     Kariyeranızda hədəfiniz nədir?
-İxtisasım jurnalistikadır. Az-çox nəsə yazıb-pozuram. Ən çoxu nələrisə, kimlərisə dəyişməyə, ən azı - nələrisə və ya kimlərisə olduğu kimi göstərməyə çalışıram. Əsas hədəfim tələbə auditoriyasına girməkdir. Sizə bir şey danışım. 11-ci sinifə - peşə seçiminə qədər evdə əmin idilər ki, ibtidai sinif müəlliməsi, ya da coğrafiya müəlliməsi olacam. Demək olar ki, 10-cu sinifə qədər dərslərimi aboylarımızın köməyi ilə öyrənirdim. Rombvari naxışları vardı aboyların. Hər bir xanasına bir sinif yoldaşımın adını yazmışdım. Dərsi öyrənəndə, hansısa hissəsini danışmaq və ya təkrarlamaq lazım idisə, bir-bir xanadakı şagirdlərimi xəyalən ayağa qaldırırdım. Danışırdılar, daha doğrusu, onların yerinə mən danışırdım. Səhv edəndə, azı, 2 dəfə təkrar danışmaq şansı verirdim. Dərs beynimə girməyəndə də, xanadakıları xətkeşlə döyürdüm. Anam deyirdi ki, qızın başı xarabdı. Xəyali şagirdlərimi divarın küncünə qoyan vaxtlarım da olurdu. Jurnalım vardı, 15 uşağın adına yazdığım imla dəftərlərim də vardı. Belə..
       10-cu sinifdə oxuyanda tez-tez 5-6-7-ci sinifləri əvəzləməyə gedirdim. Dərs deməkdən, öyrətməkdən zövq alırdım. Səbrli olmaqdan, sona qədər dinləməkdən zövq alırdım. Əsası, uşaqların mənə “Nərmin məəəəlliməəə” deməyi nəyə desəniz, dəyərdi. Bir məsələni qoyub, o birisinə keçirəm. Deməli, Həmayil adında ibtidai sinif müəlliməm var idi. Çox balaca idim, boyum lövhəyə çatmırdı. O biri uşaqların yanında pərt olurdum. O ki, məni qucağına alıb qaldırdı haa yuxarı, bax, onda anladım ki, mən müəllim olmalıyam. İnsan ilk dəfə düşəndə, onu yerdən qaldıran ilk insanı heç vaxt unutmur. Bəlkə də, unudulmamaq üçün hədəfim müəllim olmaqdır.. nə bilim :)

3.     Ən cox itirməkdən qorxdunuz şey nə və ya nələrdir?
 -İtirməyə məhkum olduğumuz şeyləri (insanlar, iş, həyat və s.), itirib də geri qaytara biləcəyimiz şeyləri (sevinc, inam, ümid, arzular, bəxt üzüyü və s.) itirməkdən heç qorxmuram. Yalnız bir şeyin yoxluğu məni çox qorxudur. Onu itirdikdən sonra itirməyə heç nəyin qalmır – o da ürəyimin, düşüncə və əməllərimin allahıdır, yəni vicdanım.  

4.     Nəyə görə könüllü olaraq ictimai fəaliyyət göstərirsən?
 -İctimai sektor olmasın, istənilən məsələdə kömək edəndə insan itmir, itirmir, əməyi də itirilmir. Əksinə, nələrisə paylaşdıqca artır, artırır da. Könüllü iş elədir ki, ora ürək qoyursan. Ürəyini qoyduğun yeri də gözün kimi qoruyursan. İndi siyasi, ictimai, sosial və s. kimi sahələrdə o qədər problemlər, o qədər qarmaqarışıqlıq, dağınıqlıq var ki. Hansısa vasitə ilə 1% olsa belə, məsələlərin həllinə kömək etməyin sosial məsuliyyətin, vətəndaşlıq borcundur. O yerdə ki, öz maraqların ictimai maraqları üstələyir, deməli, sənin rüşvətxordan heç bir fərqin yoxdur.

5.     Qadını seksi göstərən detallar hansılardır?
 - Yəqin ki, çoxluq - dodaqlar, sinə, yançaq və düz ayaq deyər. Mənə görə - incə üz quruluşu, fındıq burun, nazik dodaq, arıq bədən, bir adamın əli boyda sifət, bapbalaca əl, sərçənin ürəyi kimi döyünən ürək, ağıl və istedad. Anladınız yəqin, söhbət məndən gedir :)

6.     Yatmamışdan öncə tavana baxıb ən çox nələri düşünürsən?
 -Bu barədə bir dəfə facebook`da status yazmışdım. Status belə idi: “Belə yerdə deyirlər ki, yüngülü başını yastığa qoyana qədərdi. Gözlər ki tavana dikildi, yalnızlıq ondan sonra başlayır. Hər bir insan tamamlanmalıdır – kimisi kitabın, kimisi siqaretin, kimisi dayanacağın, kimisi gün doğumunun köməyi ilə. Uzatdıqca uzanacaq bu siyahı. Tavana baxıb düşünürəm ki, bəs kimlər və ya nələr nöqtədə tamamlanacaq. Sonra da yuxulayıram..

7.     Sizə qarşı edilmiş ən çox sevdiyiniz təklif nədir?
      -Çörək növbəsi olan vaxtlardı. Söhbət gedir 1994-cü ildən. Yaşca da, ağılca da, fiziki göstəricilər baxımından da balaca olduğuma görə, növbədə məni həmişə geri-geri atırdılar. Ya dünənki çörəklə gedirdim evə, ya da yanıq, quru çörəklə. Anam da hirslənirdi. Bir dəfə bir kişi gördü ki, məni yerə geri-geri atırlar. Gözlərimi də belə iri-iri açıb, yavaş-yavaş boşalan çörək piştaxtalarına baxıram və ağlayıram – dedi ki, verim yerimi sənə? Mənə hələ belə gözəl yer göstərən olmamışdı. Yadıma gəlmir ki, o yer kimi kiminsə təklifi ürəyimdə, bax, beləcə yer eləsin.

8. Niyə oğlanlar ayrıldıqları qızlar haqqında sonralar pis, ədəbiz fikirlər yürüdürlər?
  - Ərəblərdə maraqlı atalar sözü var. Deyilir ki, kimisə əxlaqsızlıqda ittiham edən əxlaqca məhv olan biridir. Ona görə bu yerdə susuram. İkincisi, həmişə deyirəm ki, nələrisə yaşamamış kiminsə yerinə özünü qoymaq və hansısa fikir söyləmək bərbərin Ərdoğandan danışması, qatıq satanın İranın “məhv edilməsi” planlarını müzakirə etməsi qədər boş və mənasızdır. Ümumi bir şey deyəcəm, itirəndən sonra kəmərimizi bərkidib, başqasını qurşaqdan aşağı vurmaq əsrlərin süzgəcindən keçib bu günümüzə qədər gəlib çıxan ənənəmizdir. Onun qədəmlərinə qurban :))

9. Uşaq vaxtı dostlarınız tərəfindən verilmiş təxəllüsünüz nə idi? İndi də varsa, deyin.
 - Dostlar da, evdəkilər də mənə tez-tez nərçə-sərçə, ya da nöqtə deyirdilər.Təxəllüs götürməyin vaxtı çatanda, düşündüm ki, hansını dövriyyəyə buraxsam, yaxşı çıxar. Dedim, Nərmin Sərçə nəsə yaxşı səslənmir, Nöqtə olsun. Anam hərdən məni “doğzanqurdu” çağırırdı. Deyirdi ki, elə-beləsindən deyiləm. Mal poxunun içindən çıxmışam. Ona görə də rəngim belə qaradı, özüm də belə çəlimsiz.

10.   Kişilərin vücudunda sizi cəzb edən yer    harasıdır?

1) Bilək – güclü və qalın olmalıdır.  2) Əl – iri olmalıdır; əllərim kiminsə əlinin içində itəndə zövq alıram. 3) Saqqal. Nə qədər çirkin olursa, olsun  -  saqqalı varsa, kişi diqqətimdədir. 

11.   Adətən gün ərzində neçə manat pul xərcləyirsiniz? Və nələrə?
      1) 40 qəpik – metroda gediş haqqı  2) 30  qəpik - çörək 3) 40 qəpik - ayran 4) 1.20 qəpik - badımcan kürüsü. Ümumi: 2 manat 30 qəpik. Arada dostlarla oturanda xərclənən pulu saymıram. Günlük xərclərimin içinə siqaret pulunu da əlavə edərdim, amma  artıq siqareti atmışam. Uraaaa :))

12. Niyə bütün qadınlar gəlinlik geyinmək,uşaq sahibi olmaq istəyirlər?
 -Həqiqətən, mən də başa düşmürəm bu qadınları. Niyə, görəsən?! Evliliyə qarşıyam, özü də kəskin şəkildə. Amma uşaqla bağlı bir arzum var ee:
      İstəyirəm ki, özümdən kiçik qardaşım olsun, onu oğlum kimi saxlayım. Nə bilim, məktəbə aparmaq, ayaqqabılarının bağını bağlamaq, bulku almaq, o yesin mən onun yeməyinə baxım - mənə davalarından danışsın, ilk sevgisindən - yanaqları qızarsın, futboldan danışsın - necə qol vurmağını əllərini sağa-sola atmaqla, belə gözünü iri açıb danışsın, danışsın. mən də sakitcə qulaq asım və s. Ürəyim istəyir, həm də çox.

13.   Bu günə kimi sizə edilən ən iyrənc təklif?
         - II kursda oxuyurduq. Sərbəst mövzu vermişdilər işləməyə. Mənə bomjlarla bağlı reportaj hazırlamaq tapşırıldı. Yeri gəlmişkən, Slavyan Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. O vaxtlar vağzal təmir olunmamışdı. Bomjlar gözləmə zalında skamyalara uzanırdılar. Nəsə, axşam saat 10-dan gecə 4-ə işləmişə kimi onların arasında qaldım. Xalam da o vaxtlar qalırdı Heydər Əliyev adına Sarayın yanında. Məsafə elə də uzaq deyildi. Nəsə, mən vağzaldan saraya tərəf düşürdüm ki, Heydər Parkının düz yanında patrul maşını saxladı. Dedi, neçəyə çıxırsan. Dedim ki, mənim yaşım çatmır e, əmi. Saf-saf gəzən vaxtlarım idi. Dedi, yaxşı görək, 2 manatdan razılaşaq otur. Qorxumdan şalvarımı isladırdım, həqiqətən. Dilim ağzımda qurumuşdu. Yaxşı ki, xalamın əri çıxmışdı sarayın yanına. Məni gördü, yaxınlaşdı tez bizə. Yəni, an məsələsiydi. Bu, aldığım ən iyrənc təklifdi. Əsası, ən iyrənc insandan aldığım təklifdi. Yeri gəlmişkən, düşünürəm ki, çıxanlardan olsaydım, qiymətimi baha edərdim )))    

14.     Ən çox işlətdiyiniz söyüş?
 - Söyüş söymürəm. Bir ara öyrənirdim, amma istifadəsi ruhuma ziddir. Söyə bilənlərə də yaxşı baxıram, belə trapesvari.

15.    Mikroba da mikrob bulaşar?
 -   Elə sual verirsiniz, belə çox gülməli! (c)

16.     Gələcəkdə qayınananıza necə xitab etməyi düşünürsünüz?
         -  Üfiqdə evlilik görünmür. Ona görə də şərt budaq cümləsində yazıb, işləri korlamayım. + məncə, hər kəs və hər şey öz adı ilə çağrılmalıdır.

17.    Fahişəlik sənətdirmi ?
 - Qadının fahişəliyi “incə” sənətdir. Burada da hadisələr iki istiqamətdə gedir: pərdə arxasında və pərdə önündə. Amma adət etdiyimiz tamaşalardakı kimi sənə sonda gül verilmir, alqışlanmırsan da.
İnsanın fahişəliyi isə ilahi ədalətsizliyin göndərdiyi vergidi – bu isə dəhşət bir şeydi.

18.   Əlinizdə imkan olsaydı, kişilərdə hansı cəhəti dəyişərdiniz?
         -  Kişi yox, insanda dəyişdirilməsi lazım olan cəhətlər var. Bu da ki, əbədi, əzəli, bəşəri problemlərdi. Bir cavablıq deyil.
  19. Səncə, mən sənin haqqında nələr düşünürəm?
 “Bu divarın yenidən aktiv olması, məni hal-hazırda çox sevindirdi.
Tanışlığımızdan bəri səninlə olan xoş münasibətimiz gözümün önündən film kimi  gəldi, keçdi. Sonda bir daha agah oldum ki, sən doğrudan da çox gözəl insansan. İnsanlığın və sahib olduğun o qızıl qəlbin qarşısında baş əyir, səni çox istədiyimi bir daha vurğulamaq istərdim ..”.  Azər Aydın 
http://azikaydin.tumblr.com/post/13868499216/ayd-n-dusunc

30.11.2011

.nöqtəyə.


Bir  otaqdır,
yanağıma sığal çəkən
göz yaşlarım.

Bir otaqdır,
ürəyimin üsyanına qıfıl vuran
dodaqlarım.

Bir otaqdır,
səni sənsiz səsləndirən 
nəfəsimlə qucduğum diz.

Bir otaqdır,
ulduzlara həsrət qalan gecələri
gizlətməkçün solğun bəniz.

Bir otaqdır,
məhv etdiyin illərimə
qanad verən biləklərim.

Bir otaqdır,
dünənimi basdırmaqçün
arzularım, diləklərim.

Ən sevimli otağımdır,
kiçik əldə qazdırdığım
ovuc adlı böyük tabut.

Bir damla yaş
sığdırırkən həyatımı
bu tabuta,
Sual verdim öz-özümə:
“Omu böyük?
 bəlkə, məndən geri qalan
həyatımdır belə kiçik?”.

Deyirlər ki, bəxtəvərdir, həm də varlı
Çoxdur belə otaqları
bu çəlimsiz bədənində.

Düşünmürlər,
"imarətin" yeri dardır ürəyimdə.

Neyləsin ki,
döyülməyir qapıları
"nöqtə" adlı otağımın.


Sönür nuru həsrətilə 
hey gecikən qonağımın.

28.11.2011

.Gecələrə.


Səhərləri ürəyində
 axsaq, qara it uluyur
Acıyıb yalnızlığıma
Kəsik quyruğun buluyur
Bu şəhərin gecələri

Zülməti köksümü
dağıdıb, çıxır.
allaha duamı 
tavana sıxır 
gözümdən kirpiyi
dizüstə yıxır
Bu şəhərin gecələri.
--
Taleyi səmirsiz
 önünə qatır,
  Döngəyə burdurur, 
 dalana atır.
Qarğış qorxusundan 
dilimdə yatır
Bu şəhərin gecələri.


Şeirdən, misradan 
inciyir, küsür
Kefli kölgəsinə 
qısılır, susur
İnsanın dərdini 
özündən asır
Bu şəhərin gecələri

24.11.2011

ImagineDialogue 2011 // I am Peaced!

Bu videonu ImagineDialogue 2011 proqramı çərçivəsində hazırladıq. Proqramın məqsədi münaqişə şəraitində yaşayan dövlətlərin gəncləri arasında dialoq mədəniyyətini formalaşdırmaqdır. Ermənistan-Azərbaycan gəncləri üçün təşkil edilən layihədə bizim komanda 6-cı buraxılış idi. Bu video çarxı hazırlamaqla biz hər iki tərəfə belə bir mesaj verdik: "İnsanı ittiham edənə qədər, onu tanımaq mümkün deyil". Müharibəni isə rəhbərlərə məxsusdur, xalqa deyil. 
İşin üzə çıxmasında Azərbaycan team`indən: Gülarə Əzimzadəyə, Arzu Qeybullayevaya, Məryəm Cabbarovaya, Olqa Breqvadzeyə, Ali Reşə vəə özümə təşəkkür düşür. İdeya da  bizim komandanın idi :). Qonşularımızdan isə Maria Karpetyan, Sasun Kaçataryan, Veronika Aghajanyan, Phil, Ana, Gayane, Nikolay, eləcə də bitərəf dostumuz amerikalı Chris sağ olsun :))






23.10.2011

Ünvansız

        Salam. Sözüm sənədir, ay hava. Bəlkə, bu gün başıma gəlməyin bir işə yarasın?! Deyirəm, elə mənim kimi havadan-sudan danışa-danışa havada qalmağa meylimiz artıb. Sözü də havaya atırıq. Götürən götürür. Sözümüzə əli çatmayanlarsa deyir ki, dedikləriniz iylənib, çoooox havadadır. Sıralarımızda azadlığını göydə görüb, havaya uçmaq istəyənləri də tapıldı. Havayıdır elə bil. Nəsə bu günlərdə də hamımızın ağlı bir qarış havadadır. 
      Salam. Sözüm sizədir, Bakı vitrinləri. Sizdəki manikenlərlə aramızdakı fərqi düşündüm. Tapmadım. İtirdiyimiz nəyi tapmışıq ki. Baxırıq bir-birimizin paltarına – sizdəkilərə baxdığımız kimi. Bir-birimizi paltarsız görəndə də daha təəccüblənmirik - sizdəkiləri paltarsız gördüyümüz kimi. Endirimlərin cib oxşayır, bizim “endirimlərimiz” isə göz. Siz qiymət endirəndə, biz hər fəsilə uyğun “ideologiya”, “-izm”lər endiririk virtual döyüşlərimizdə. Hər “ağamız”a uyğun bayrağımızı endiririk akrobatik hərəkətlərlə - hər şeyə “baş üstə” deyərək. Yox bir, qulaqdibi, qurşaqaltı, əlüstü. Enənləri nə badə qaldıraq haaaaa... İstəsək belə, alınmayacaq. Gözlərimizə enən pərdə çətin ki qalxa. Sənə min rəhmət, Ay Rəsulzadə. Görsəydin, qaldırdıqlarını necə endiriblər. Görə bilməzsən... Unutmuşdum, - unutmuşdum ki, daha şəklin yoxdur divarlarda – onu da endiriblər. 
     Bəlkə, sənə yazım bu məktubu, ay zərf. Həəə, elə sənə! Bizi nələrlə doldurdularsa, səni də onlarla doldurduq. Görəsən, sən yazsaydın, kimə ünvanlanardı ünvansız məktubların? Anaların əllərini, yarımçıq arzuları, boş küçələri, necə, yazmaq istəyərdənmi 4 fəsildə? Yazmaq istəyərdinmi allaha məktubunda anasının qırışlarını dəniz dalğalarına oxşadan 6 yaşlı oğlanı? Bəs, gülə həsrət şəhid məzarı üçün yer tapılardımı sətirlərində? Yaxşı, birdən itsəydin, nə edərdin? Ünvana çatmayanda, necə, ünvansızmı olardın mənim bu məktubım kimi? Ya da itirdiyim pərimin itmiş ilhamı kimi...  

22.10.2011

Yanılmışam

Dünya bildim gözlərini

 Yanılmışam..

Nöqtə boyda bir bəbəyi

Aldanıb da, səfeh kimi

Necə bir dünya sanmışam?!

-  
Neçə ümid bağlanmışdı,

Ayrılıqlar dağlanmışdı,

bir ürək də ağlamışdı

o dünyada

Yanılmışam..
- 

Uzaqlaşıb gecələrdən

Kirpiyinə sığınmışdım.

Pisliklərdən, yalanlardan

Saf qəlbimlə

Mən onlara qısılmışdım

O dünyada.

Yanılmışam..
-

Parça-parça sabahımı

Ümidli şəfəq altında

Gözlərində görüb, susub

Axı, niyə bu günümə alçalmışam?

İndi susur qara gözlər,

Qara daşa baxıb, susur.

Aldanışlar

nöqtə boyda o dünyada

dayanmışdır.



Bir ümid də kirpiyindən

cani təki asılmışdır.

Yanılmışam...



21.10.2011

Bir nəfəslik şeir

Yazdan yazan şairlərin
unutduğu qar dənəsi
 əriyirsən dodağımda.
Soyuq,kobud qələmimin
Ağ vərəqdə məngənəsi
Əzilirsən, dağılırsan,
 Yox olursan sorağımda.
Dolaşdıqca fikirlərin
Suya həsrət balıq təki
çırpınırsan, boğulursan
Fərqin nə ki adi günlə

Batıb yenə doğulursan.