Bir  otaqdır,
yanağıma sığal çəkən 
göz yaşlarım.
Bir otaqdır,
ürəyimin üsyanına qıfıl vuran 
dodaqlarım.
Bir otaqdır,
səni sənsiz səsləndirən 
nəfəsimlə qucduğum diz.
Bir otaqdır,
ulduzlara həsrət qalan gecələri
gizlətməkçün solğun bəniz.
Bir otaqdır,
məhv etdiyin illərimə 
qanad verən biləklərim.
Bir otaqdır,
dünənimi basdırmaqçün 
arzularım, diləklərim.
Ən sevimli otağımdır,
kiçik əldə qazdırdığım 
ovuc adlı böyük tabut.
Bir damla yaş
sığdırırkən həyatımı 
bu tabuta,
Sual verdim öz-özümə:
“Omu böyük?
 bəlkə, məndən geri qalan 
həyatımdır belə kiçik?”.
Deyirlər ki, bəxtəvərdir, həm də varlı
Çoxdur belə otaqları 
bu çəlimsiz bədənində.
Düşünmürlər,
"imarətin" yeri dardır ürəyimdə.
Neyləsin ki,
döyülməyir qapıları 
"nöqtə" adlı otağımın.
Sönür nuru həsrətilə
hey gecikən qonağımın.