08.12.2011

Blogger Azər Aydın`a verdiyim müsahibə


“aydın düşüncə”
Qərara gəldim ki, heç olmasa həftədə bir dəfə ictimai sektorunda aktiv olan əjdahaları tam fərqli bir baxış bucağı altında sizlərə təqdim edəm.
İLk qonağım atom nöqtəsi funksiyasını daşıyan NƏRMİN NÖQTƏ-dir :)
Qısaca olaraq format haqqında məlumat verim. Beləki, mən hər həftə müxtəlif, ancaq mahiyyət baxımından bənzər olan suallar toplayaraq , ictimai sektorda fəal olan vətəndaşlarımıza ünvanlayacağam.
Ümid edirəm ki, sizə də maraqlı olar :)
1.     Siz kim idiniz və kim oldunuz?
 - Döl idim, insan oldum. Nəbiyeva  idim, Nöqtə oldum.  Nə bilim. Barama idim, ipəkqurdu oldum.  Bir sözlə, gizlindən aşkara doğru :))

2.     Kariyeranızda hədəfiniz nədir?
-İxtisasım jurnalistikadır. Az-çox nəsə yazıb-pozuram. Ən çoxu nələrisə, kimlərisə dəyişməyə, ən azı - nələrisə və ya kimlərisə olduğu kimi göstərməyə çalışıram. Əsas hədəfim tələbə auditoriyasına girməkdir. Sizə bir şey danışım. 11-ci sinifə - peşə seçiminə qədər evdə əmin idilər ki, ibtidai sinif müəlliməsi, ya da coğrafiya müəlliməsi olacam. Demək olar ki, 10-cu sinifə qədər dərslərimi aboylarımızın köməyi ilə öyrənirdim. Rombvari naxışları vardı aboyların. Hər bir xanasına bir sinif yoldaşımın adını yazmışdım. Dərsi öyrənəndə, hansısa hissəsini danışmaq və ya təkrarlamaq lazım idisə, bir-bir xanadakı şagirdlərimi xəyalən ayağa qaldırırdım. Danışırdılar, daha doğrusu, onların yerinə mən danışırdım. Səhv edəndə, azı, 2 dəfə təkrar danışmaq şansı verirdim. Dərs beynimə girməyəndə də, xanadakıları xətkeşlə döyürdüm. Anam deyirdi ki, qızın başı xarabdı. Xəyali şagirdlərimi divarın küncünə qoyan vaxtlarım da olurdu. Jurnalım vardı, 15 uşağın adına yazdığım imla dəftərlərim də vardı. Belə..
       10-cu sinifdə oxuyanda tez-tez 5-6-7-ci sinifləri əvəzləməyə gedirdim. Dərs deməkdən, öyrətməkdən zövq alırdım. Səbrli olmaqdan, sona qədər dinləməkdən zövq alırdım. Əsası, uşaqların mənə “Nərmin məəəəlliməəə” deməyi nəyə desəniz, dəyərdi. Bir məsələni qoyub, o birisinə keçirəm. Deməli, Həmayil adında ibtidai sinif müəlliməm var idi. Çox balaca idim, boyum lövhəyə çatmırdı. O biri uşaqların yanında pərt olurdum. O ki, məni qucağına alıb qaldırdı haa yuxarı, bax, onda anladım ki, mən müəllim olmalıyam. İnsan ilk dəfə düşəndə, onu yerdən qaldıran ilk insanı heç vaxt unutmur. Bəlkə də, unudulmamaq üçün hədəfim müəllim olmaqdır.. nə bilim :)

3.     Ən cox itirməkdən qorxdunuz şey nə və ya nələrdir?
 -İtirməyə məhkum olduğumuz şeyləri (insanlar, iş, həyat və s.), itirib də geri qaytara biləcəyimiz şeyləri (sevinc, inam, ümid, arzular, bəxt üzüyü və s.) itirməkdən heç qorxmuram. Yalnız bir şeyin yoxluğu məni çox qorxudur. Onu itirdikdən sonra itirməyə heç nəyin qalmır – o da ürəyimin, düşüncə və əməllərimin allahıdır, yəni vicdanım.  

4.     Nəyə görə könüllü olaraq ictimai fəaliyyət göstərirsən?
 -İctimai sektor olmasın, istənilən məsələdə kömək edəndə insan itmir, itirmir, əməyi də itirilmir. Əksinə, nələrisə paylaşdıqca artır, artırır da. Könüllü iş elədir ki, ora ürək qoyursan. Ürəyini qoyduğun yeri də gözün kimi qoruyursan. İndi siyasi, ictimai, sosial və s. kimi sahələrdə o qədər problemlər, o qədər qarmaqarışıqlıq, dağınıqlıq var ki. Hansısa vasitə ilə 1% olsa belə, məsələlərin həllinə kömək etməyin sosial məsuliyyətin, vətəndaşlıq borcundur. O yerdə ki, öz maraqların ictimai maraqları üstələyir, deməli, sənin rüşvətxordan heç bir fərqin yoxdur.

5.     Qadını seksi göstərən detallar hansılardır?
 - Yəqin ki, çoxluq - dodaqlar, sinə, yançaq və düz ayaq deyər. Mənə görə - incə üz quruluşu, fındıq burun, nazik dodaq, arıq bədən, bir adamın əli boyda sifət, bapbalaca əl, sərçənin ürəyi kimi döyünən ürək, ağıl və istedad. Anladınız yəqin, söhbət məndən gedir :)

6.     Yatmamışdan öncə tavana baxıb ən çox nələri düşünürsən?
 -Bu barədə bir dəfə facebook`da status yazmışdım. Status belə idi: “Belə yerdə deyirlər ki, yüngülü başını yastığa qoyana qədərdi. Gözlər ki tavana dikildi, yalnızlıq ondan sonra başlayır. Hər bir insan tamamlanmalıdır – kimisi kitabın, kimisi siqaretin, kimisi dayanacağın, kimisi gün doğumunun köməyi ilə. Uzatdıqca uzanacaq bu siyahı. Tavana baxıb düşünürəm ki, bəs kimlər və ya nələr nöqtədə tamamlanacaq. Sonra da yuxulayıram..

7.     Sizə qarşı edilmiş ən çox sevdiyiniz təklif nədir?
      -Çörək növbəsi olan vaxtlardı. Söhbət gedir 1994-cü ildən. Yaşca da, ağılca da, fiziki göstəricilər baxımından da balaca olduğuma görə, növbədə məni həmişə geri-geri atırdılar. Ya dünənki çörəklə gedirdim evə, ya da yanıq, quru çörəklə. Anam da hirslənirdi. Bir dəfə bir kişi gördü ki, məni yerə geri-geri atırlar. Gözlərimi də belə iri-iri açıb, yavaş-yavaş boşalan çörək piştaxtalarına baxıram və ağlayıram – dedi ki, verim yerimi sənə? Mənə hələ belə gözəl yer göstərən olmamışdı. Yadıma gəlmir ki, o yer kimi kiminsə təklifi ürəyimdə, bax, beləcə yer eləsin.

8. Niyə oğlanlar ayrıldıqları qızlar haqqında sonralar pis, ədəbiz fikirlər yürüdürlər?
  - Ərəblərdə maraqlı atalar sözü var. Deyilir ki, kimisə əxlaqsızlıqda ittiham edən əxlaqca məhv olan biridir. Ona görə bu yerdə susuram. İkincisi, həmişə deyirəm ki, nələrisə yaşamamış kiminsə yerinə özünü qoymaq və hansısa fikir söyləmək bərbərin Ərdoğandan danışması, qatıq satanın İranın “məhv edilməsi” planlarını müzakirə etməsi qədər boş və mənasızdır. Ümumi bir şey deyəcəm, itirəndən sonra kəmərimizi bərkidib, başqasını qurşaqdan aşağı vurmaq əsrlərin süzgəcindən keçib bu günümüzə qədər gəlib çıxan ənənəmizdir. Onun qədəmlərinə qurban :))

9. Uşaq vaxtı dostlarınız tərəfindən verilmiş təxəllüsünüz nə idi? İndi də varsa, deyin.
 - Dostlar da, evdəkilər də mənə tez-tez nərçə-sərçə, ya da nöqtə deyirdilər.Təxəllüs götürməyin vaxtı çatanda, düşündüm ki, hansını dövriyyəyə buraxsam, yaxşı çıxar. Dedim, Nərmin Sərçə nəsə yaxşı səslənmir, Nöqtə olsun. Anam hərdən məni “doğzanqurdu” çağırırdı. Deyirdi ki, elə-beləsindən deyiləm. Mal poxunun içindən çıxmışam. Ona görə də rəngim belə qaradı, özüm də belə çəlimsiz.

10.   Kişilərin vücudunda sizi cəzb edən yer    harasıdır?

1) Bilək – güclü və qalın olmalıdır.  2) Əl – iri olmalıdır; əllərim kiminsə əlinin içində itəndə zövq alıram. 3) Saqqal. Nə qədər çirkin olursa, olsun  -  saqqalı varsa, kişi diqqətimdədir. 

11.   Adətən gün ərzində neçə manat pul xərcləyirsiniz? Və nələrə?
      1) 40 qəpik – metroda gediş haqqı  2) 30  qəpik - çörək 3) 40 qəpik - ayran 4) 1.20 qəpik - badımcan kürüsü. Ümumi: 2 manat 30 qəpik. Arada dostlarla oturanda xərclənən pulu saymıram. Günlük xərclərimin içinə siqaret pulunu da əlavə edərdim, amma  artıq siqareti atmışam. Uraaaa :))

12. Niyə bütün qadınlar gəlinlik geyinmək,uşaq sahibi olmaq istəyirlər?
 -Həqiqətən, mən də başa düşmürəm bu qadınları. Niyə, görəsən?! Evliliyə qarşıyam, özü də kəskin şəkildə. Amma uşaqla bağlı bir arzum var ee:
      İstəyirəm ki, özümdən kiçik qardaşım olsun, onu oğlum kimi saxlayım. Nə bilim, məktəbə aparmaq, ayaqqabılarının bağını bağlamaq, bulku almaq, o yesin mən onun yeməyinə baxım - mənə davalarından danışsın, ilk sevgisindən - yanaqları qızarsın, futboldan danışsın - necə qol vurmağını əllərini sağa-sola atmaqla, belə gözünü iri açıb danışsın, danışsın. mən də sakitcə qulaq asım və s. Ürəyim istəyir, həm də çox.

13.   Bu günə kimi sizə edilən ən iyrənc təklif?
         - II kursda oxuyurduq. Sərbəst mövzu vermişdilər işləməyə. Mənə bomjlarla bağlı reportaj hazırlamaq tapşırıldı. Yeri gəlmişkən, Slavyan Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. O vaxtlar vağzal təmir olunmamışdı. Bomjlar gözləmə zalında skamyalara uzanırdılar. Nəsə, axşam saat 10-dan gecə 4-ə işləmişə kimi onların arasında qaldım. Xalam da o vaxtlar qalırdı Heydər Əliyev adına Sarayın yanında. Məsafə elə də uzaq deyildi. Nəsə, mən vağzaldan saraya tərəf düşürdüm ki, Heydər Parkının düz yanında patrul maşını saxladı. Dedi, neçəyə çıxırsan. Dedim ki, mənim yaşım çatmır e, əmi. Saf-saf gəzən vaxtlarım idi. Dedi, yaxşı görək, 2 manatdan razılaşaq otur. Qorxumdan şalvarımı isladırdım, həqiqətən. Dilim ağzımda qurumuşdu. Yaxşı ki, xalamın əri çıxmışdı sarayın yanına. Məni gördü, yaxınlaşdı tez bizə. Yəni, an məsələsiydi. Bu, aldığım ən iyrənc təklifdi. Əsası, ən iyrənc insandan aldığım təklifdi. Yeri gəlmişkən, düşünürəm ki, çıxanlardan olsaydım, qiymətimi baha edərdim )))    

14.     Ən çox işlətdiyiniz söyüş?
 - Söyüş söymürəm. Bir ara öyrənirdim, amma istifadəsi ruhuma ziddir. Söyə bilənlərə də yaxşı baxıram, belə trapesvari.

15.    Mikroba da mikrob bulaşar?
 -   Elə sual verirsiniz, belə çox gülməli! (c)

16.     Gələcəkdə qayınananıza necə xitab etməyi düşünürsünüz?
         -  Üfiqdə evlilik görünmür. Ona görə də şərt budaq cümləsində yazıb, işləri korlamayım. + məncə, hər kəs və hər şey öz adı ilə çağrılmalıdır.

17.    Fahişəlik sənətdirmi ?
 - Qadının fahişəliyi “incə” sənətdir. Burada da hadisələr iki istiqamətdə gedir: pərdə arxasında və pərdə önündə. Amma adət etdiyimiz tamaşalardakı kimi sənə sonda gül verilmir, alqışlanmırsan da.
İnsanın fahişəliyi isə ilahi ədalətsizliyin göndərdiyi vergidi – bu isə dəhşət bir şeydi.

18.   Əlinizdə imkan olsaydı, kişilərdə hansı cəhəti dəyişərdiniz?
         -  Kişi yox, insanda dəyişdirilməsi lazım olan cəhətlər var. Bu da ki, əbədi, əzəli, bəşəri problemlərdi. Bir cavablıq deyil.
  19. Səncə, mən sənin haqqında nələr düşünürəm?
 “Bu divarın yenidən aktiv olması, məni hal-hazırda çox sevindirdi.
Tanışlığımızdan bəri səninlə olan xoş münasibətimiz gözümün önündən film kimi  gəldi, keçdi. Sonda bir daha agah oldum ki, sən doğrudan da çox gözəl insansan. İnsanlığın və sahib olduğun o qızıl qəlbin qarşısında baş əyir, səni çox istədiyimi bir daha vurğulamaq istərdim ..”.  Azər Aydın 
http://azikaydin.tumblr.com/post/13868499216/ayd-n-dusunc

3 комментария:

eldar комментирует...

badimcan kurusu yeyen adamin verdiyi cavablar bundan artiq olmaz. suallari veren ise qidalanmir

Nöqtə комментирует...

məncə də.

taleh комментирует...

əvvəl nöqtə idinsə bs indi niyə vergülə keçmisən