19.03.2011

Gəl, qapını bağlama


       Deyirdik üzümüz yayadır. Bütün donmuşların donu açılacaq. Bəlkə elə Azərbaycan – Türkiyə – Ermənistan adlı bermud oyununda gizlədilən kartlar da… Fəsil dəyişdi. Hər fəslə uyğun qeyrət dəyişdiyimiz bir zamanda, deyəsən, qış daha abırlı siyasət göstərib açılan məsələlərə təzə don geyindirəcək…
       … Futbolçularımızın qol üzünə həsrət ayaqlarını xatırlayıram nədənsə. Hər dəfə uduzanda başımıza oyun açan bu tilsimdən baş aça bilmədik. Əvəzində qapımızdan keçən hər topa görə gözümüzü yumub, ağzımızı açdıq. Bu dəfə Türkiyə oynadı – Ermənistanla. Gözümüz yenə yumuldu. Amma ağzımız açılmadı. 17 illik “tilsim” bir simsimlə açıldı. Bir tilsimlə də “17 illik gedənlərimiz”in geriyə yolu açılsaydı, dünya dağılmazdı ki?!
       …Qurban bayramını da geridə qoyduq, geridə qoyduqlarımız digərləri kimi. Tayqulaq Andronikin şərəfinə nə əsgərimiz, nə də əsrimiz kəsildi. Erməni şərəfinə şərəfimizi kəsdirdik. Daha təmiz azərbaycanlı olmaq üçün – sünnətdir axı..

       Odlu danışdığımızı sanmayın. Sadəcə, əyri bacamızdan tüstü çıxarmalıyıq , ya yox?! Necə ki, Türkiyə prezidenti Abdulla Gül öz oyunu ilə bizim başımızdan tüstü çıxartdı; Qərb Türkiyənin Ermənistanla münasibətlərini adam yerinə qoymaq istəyir. Rəsmi Ankaranın qeyri-rəsmi fikri də bundan yanadır, deyəsən. Ermənistanla münasibətlərin bərpası Türkiyə üçün lazımdır. Çünki qarşıda iqtisadi tərəqqi, sözügedən dövlət üzərində türk nəzarəti və ən azı Qafqazda Türkiyənin “çəkisinin artması” durur. Azərbaycansa hələ də “pəhriz”dədir.
         Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında Türkiyə də var. İlk vaxtlarda iqtisadi çətinlik, aclıqla qarşılaşan Ermənistana Türkiyə əl uzatdı. Hava limanı tikdirdi, iqtisadi yardım göstərdi, nəticədə Ermənistan Türkiyədən əl qarışıq ayaq da istədi. Meydanda Türkiyənin “ayağı” hər ikisi üçün düşərli oldu.
          Bizə yalnız top daşımaq, aradabir də oyuna baxıb: “Dəhşət oynayırlar eee…” demək qalır. Əvvəlcə, hesab tablosuna nəzər salırıq: 17- 0; 18 – 0; 19 – 0… Hesab durmadan dəyişir. Türkiyə – Ermənistan oyununda “oyunçular” da dəyişir, hətta komanda üzvləri arasında yerdəyişmə belə olur. Dəyişməyən bu azarın keşiyini bir əlində peraşki, bir əlində bayrağımızla çəkən azarkeşlərin reaksiyasıdır. Türkiyə milli yığmasının Fatihindən fərqli “Davos Fatehi” və onun komandası bu oyunda, deyəsən, daha gözəl taktika qurublar. Yoxsa məsələnin donduğu bir vaxtda, bu qədər dəyişkənlik olmazdı. İnanmırsınız? O zaman nəfəslərinizi və münasib yerlərinizi tutun. Meydanın mərkəzində hakim öz zurnasında öz havasını çalır və şərəf qapımıza cərimə zərbəsi təyin olunur ..Türkiyə də bu hava altında çox gözəl oyun nümayiş etdirir.Qardaş dövlətdən zərbəəəəəəə və.. Qooooooool.
PS. Türkiyə Osmanlı İmperiyası deyil, elə Azərbaycan da Konstantinopol.

                                                                                 MÜƏLLİF: NƏRMİN NÖQTƏ

Комментариев нет: