19.03.2011

Salam, Payız

       Sevirəm özümə məktub yazmağı. Bəlkə də həyatımda heç kimə yazmadığım qədər məktub var evdə – yazı stolumun sol gözündə, arıq bədənimin sol tərəfində.
İncimə, bu gün Sənə yox, payıza ünvanlanacaq məktubum. Bugünlük Səni yormayacağam, qoy, bir az da o dinləsin, bir az da o əsəbiləşsin, bir az da o utansın, var olduğuna hamının sevindiyini sanmasın. “Mənsiz də dünyanın işi gedərmiş?!”, – desin və…
       Salam, Payız! Bu gün sənə yazmaq istədim. Bilmirəm, necə qarşılayacaqsan sözlərimi – səni uşaqlıqda həsrətlə gözləyib, sevinclə qarşıladığım kimi, yoxsa səninlə nifrətlə yaşayıb, nisgillə yola saldığım kimi?! Bilmirəm və başlayıram…
      Səni gözləyirdim. Gətirəcəyin yağışı gözləyirdim. Çünki o gözləyirdi. Güllər əkmişdi həyətdə, ölən anasının adını vermişdi. Böyüdəcəkdi, baxacaqdı onlara nəvazişlə. Yumaq istəyirdi günahlarını, hər damlasında boğulmaq istəyirdi gülləri böyüdərək. Ümidi sənikən ümidsizliyinə çevrildin. Vəfasız çıxdın; bir payız günündə aldın anasını onun əllərindən. Elə payız günündə də ümidlərini qopardın, ayaq altında tapdanacağını bilə-bilə üz çevirdiyin, qoparıb atdığın yarpaqlar kimi. Əlini açdı göyə, dua etdi, yağış istədi… Sən gəlməmişdin, onunsa qəlbinə payız gəlmişdi..
Bağışla, qızcığaz, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

       Bu il də gözü yollarda qaldı Hikmət babanın. Bu il də isti nəfəsi ilə soyuq pəncərəni ovundurmağa çalışaraq gözlədi. Onu görəndə üstünə ağ dəsmal sərilmişdi. Dedilər ki, son nəfəsini verəndə əlini göyə açıbmış. Bəlkə, yağış 6 il əvvəl onu qocalar evinə tullayan balalarını geri gətirər deyə, dua edibmiş. Gəlmədilər… Amma otağa payız gəlmişdi. Yağış yağmalıydı. Bir zamanlar ümidləri pəncərəyə qonduran, indisə buztək soyuq olan dodaqlara yağış yağmalıydı. Yuyub aparmalıydı yorulmuş ürəkdə can verən arzuları, həsrəti, ümidsizlikdən yaranan ümidləri..
Bağışla, Hikmət baba, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

      İlk şəhidi gördüm. Kəndimizin şəhid olan 18 yaşlı balası – Şəhriyarı. Ağlayırdı müəllimləri, ağlayırdı anası, ağlayırdı torpaq. Axı, torpaq ona deməmişdi, “gəl, vuruş, yolum üçün, kolum üçün, gedəcəyin və sonun olacaq qara torpaq üçün”. Hansısa siyasətçilərin gic-gic oyunlarına görə indi 18 yaşlı gəncin tikələrini tökmüşdülər anasının qabağına. Əl açdı göylərə ana, yağış istədi, istədi ki, göylər də ağlasın onunla birgə oğlunu. Sən gəlmədin… Ananınsa əllərinə payız gəlmişdi..
Bağışla, ana, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

         Evimizi ilk dəfə onda tərk edirdik. Qarşıda keçilməli Araz vardı, ümid vardı. Bəlkə də həyatımda ilk dəfə ki sənin gəlməməyin məni bu qədər sevindirmişdi. Fikirləşirdim ki, yağsan, çay daşacaqdı, məhv olacaqdıq, elə ümidlərimiz də yox olacaqdı, yuyulacaqdı. …Susuzduq, hava çox isti idi. Südəmər uşağı qucağında balacaboy, qaraşın gəlin çinar meşəsinin ortasında onlar qədər əlçatmaz olan göylərə əl açdı, yağış istədi. İstədi yatırsın susuzluğunu, aclığını körpəsinin yağış suyu ilə. Sən gəlmədin, körpəsi əlində ölən ananın dilinəsə payız çoxdan gəlmişdi.
Bağışla, xala, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

        Niyə belə vəfasız oldun? Çağrılanda gəlmədin, yağış istədik, vermədin, dualarımız eşidilmədi. Bax, indi də yağmır yağış, ən sevdiyim fəsildə, ən sevdiyim ayda. Gəlmirsən, gətirmirsən onu. Yollar vəfasız oldu, yoxsa sən? Bəlkə, mən? Bilmirəm. Bəlkə, yağışı Səndən indi yox, yazda istəməli idim?!
         O gün yağmışdı yağış. Tez həyətə qaçdım. İlk dəfə əllərim göyə açılmadı, onlar qalxdıqları kimi yerə enəcəklərini bilirdi. Yağdı, amma ondan geriyə qalansa balıq tutulası göllər, üfunətli küçələr və bir də ayağıma gələn payız və yuyulan “cibim” oldu.
        Bir daha belə xəbərsiz gəlmə, qəlbim səni istəsə də, Vallahi, bu ciblər heç səni sevmir də. Elə yaraşmadığın insanlarımız və Azərbaycan kimi. Bu dəfə də sənin yağışından quru çıxdım, sənin axırımıza çıxdığın kimi. Beləcə Mən də məktubumun əvvəlinə çıxıram, başladığı yerə çıxan yollar kimi:
- Salam, Payız!

                                                                            MÜƏLLİF: NƏRMİN NÖQTƏ

2 комментария:

orxan комментирует...

Super bir yazı idi, deyəcək söz tapa bilmirəm, deyəcək sözüm olsa bu cür yazı yazardım

Nöqtə комментирует...

təşəkkür edirəm, Orxan =)