19.03.2011

Təbrik edirəm


    Təbrik edirəm. Deyirlər, camaat “kreslo” xəstəliyinə tutulub. “Dahilər” də divan. Dahilərsiz divandakı “dahilər” divansız dahilərdən birinə divan tutur. Soyğunçuluğun Müasir Stili – SMS-lə. Dahi qəbrindəəndə, smslər də “hə” və “yox” arasında dönür. Dönər müşavirəsinin sonu Qubadakı qərib qəbirlərimizin qəribəliyi qədər müəmmalı şəkildə bitir. Futbolumuzun arxasınca gedən Qarabağın sıralarına indi də dahilər qoşulur. Efirin “kifir” verilişlərinə qoşulan mən də ağ həqiqətlərin açılmayan “qara qutusu”ndan fərqli olaraq, qara camaatımızın üzünə ağ olan “yeşikdə” “Tülkünün məsəli”, “qoy, uzanmışıq da” “dahilərin divanında” deyirəm. Nəsə. Ədəbi məhkəmənin ədəbsiz hakimlərinin “ədəbli” mühakiməsinin əbədi məhkumları da belə
     …Nədənsə bu günlərdə paytaxtda hər şey və hər kəs tıxanır. Tıxanmış yolların boşalması müşkül göründüyü bir vaxtda, metroda da insanların tıxacı gözümüzü tıxayır. Allah bizi dəmirlərin tıxacından saxlamasa da, “tıx” aclardan saxlasın. Vaxtımızın itməyi cəhənnəmə, heç olmasa, namusumuza yaşıl işıq yandıraq. Bax, onda xirtdəyimizə tıxanan “təbriklər”dən birini də onlar üçün boşaldarıq.
     Maraqlıdır, bu millət göydən başına tökülən vacib şeylərə – daşa, külə inanmır. Amma göydən düşən 3 almaya yamanca inanır. Yatmağı bu qədər sevən və gözləyən ikinci bir xalq hələ qarşıma çıxmayıb. Buna görə bizi təbrik etməyə dəyər.
 
       Dəyər demişkən, dəyərlərimizi dəyməli olduğuna dəyməyən dəyərlərlə dəyərləndirdiyimiz “BAZARLARIMIZ”ı da təbrik edək. Hərənin bir “obyekti” və satılan “subyekti” var bu “bazarda”. “Qərb” bazarında satılan “Şərq”i gördük. “Ət” bazarında inəyinkindən fərqli ucuz və münasib qiymətə satılan ürək gördük, dalaq gördük, böyrək gördük. “Vədlər” bazarında satılan həqiqəti gördük – bir daş altında idi, bir daş da üstündə. “Məktəb” adlı bazarda “cibiş müəllim” ləqəbini verdiyimiz “hocalarımız”ı gördük. Cibində siçan oynadığını deyib, bir az da bizim pişik funksiyasını yerinə yetirməli olduğumuzu dönə-dönə üzümüzə çırpan müəllimlər nə satırdılar, niyə satırdılar, bilmədik. Mən bilən, onların satılmağa bir şeyləri qalmamışdı, axı?! Tarix müəlliminin kartofun becərilmə xronologiyasından danışması, riyaziyyatçının onun diametrindən dəm vurması, ədəbiyyatşünasın qəzəllərlə bu “kökümsov”u vəsf etməsi, həkimin nişastalı kartofun xeyri barəsində məsləhətləri maraqlı olsa da, bazardan çıxmalı idim.
       Bel
ə problemlər axırımıza çıxmasa da, söhbətin əvvəlinə çıxıb 276 nömrəli avtobusda mənə əməlli-başlı dərs verən birini təbrik etmək istəyirəm. Üzündə çəkisi bəlli olmayan, amma ağırlığını hiss edə biləcəyim qədər gözümə girən kosmetikanı gəzdirən, “türk assolistləri”nə oxşayan və ya özünü oxşatmaq istəyən xala avtobusa minir. Basabasın qarabasmasından təsirə düşüb başqasının əlini öz əli hesab edən, “əlimin niyə biri qaradır, biri ağ?”,-deyə mənzil başına çatana qədər bu vacib suala cavab axtaran qardaşımızdan biri təsadüfən xalanın ayağını tapdalayır. Xala da az aşın duzu olmayıb dönüb qardaşa: “Bura sənin üçün Füzuli deyil eee…” cümləsini tək o qardaşımızın deyil, bütün azərbaycanlıların üzünə çırpır. Nəysə… Məhz bu gün bu hadisə mənə ilk dəfə “azərbaycanlı” (!) olduğumu xatırlatdı. Bu vəzifədən umduğum, umacağım, “xortumlamağa” da bir şey qalmadığından elə orada istefaya getdim. “Fərrarili fərarilərimiz”in sayının “göz-bəbəyi” kimi qorunan tarixi abidələrimizin sayına bərabər olduğu vaxtda belə cavab normaldır,əslində. “Kindər” əvəzi “ata, səni çox istəyirəm” cümləsini uşağına əzbərlətdirən rüşvətxor Balanı böyüdən rüşvətxor Ata da normaldır. “Mətbəxdən yatağa” marşrutu üzrə “hərəkət ədən” Analarımız da normaldır. Güllü parkların güllü skamyalarında güllələdiyimiz qeyrətlər də normaldır. Şəhidləri “sui-qəsd”lə damğalamaq, sui-qəsdləri “şəhidlik” adıyla təqdim etmək, az qala bu müqəddəsliyin də əməkdar və xalq şəhidi növlərini “icad etmək” də bizim üçün normaldır. “Rac”larımızın hərraca çıxardığı əqidəmiz də normaldır. Formal “normallar”a görə dediyim təbriklər də normaldır.

      …Təbriklər – əlinə ilk dəfə konvertdə pul verən kimlərinsə gözünə nifrətlə baxıb, onların nə qədər alçaq olduğunu deyən və vicdanını sevənlər! Bakı ilə Qarabağın Amerika – İraq dostluğu qədər uzaq olduğunu görüb susanlara olan Nifrətə də təbriklər! Qışın oğlan çağında bacımın ayağıma iki ölçü böyük olan “basanoşkaları” ilə məktəbə gədəndə “yuxarılar”ın nə qədər alçaq, “mənlər”insə “böyük” olmağını dərk edən ağlım, təbriklər! İt damına bənzər qatarda yaşayanda başımıza düşən damlaları mənimlə birlikdə sayaraq fələyin saydıqlarını da saymağı öyrənən, dostlarım, təbriklər! Gözü və qulağından başqa bütün orqanları yaxşı işləyən “əhlimiz”ə adam olub, insan ola bilmədiyi, üzü sirkə, əli bal satdığı üçün də TƏBRİKLƏR!
        Günümüzün d
əminin belə söhbətlərdən dəmli olmadığı bir vaxtda “nələrdənsə” dəm vurub sizi “dəmləndirə” bildiksə, yaxşı dəmli – bir xoruzquyruğu təbrik də Bizə. Bizi yaxşıca bizlədiyi üçün. Təbriklər!
                                    MÜƏLLİF: NƏRMİN NÖQTƏ

Комментариев нет: