19.03.2011

Hasarlar arxasında


     Bir yol var – uzağa, çox uzağa aparır məni. Kimisi onda azadlığını itirdi, kimisi doğmalarını. Kimisini təkliyi ilə barışdırdı bu yollar, kimisini yarımçıq həyatla. Mən isə..
      Məni isə təsəlli axtarıram uşaqlığımı uzaqlara aparan bu yollarda. Uzaqlarda qoyduğum Qızılqum sanatoriyası..
      Sanatoriya Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşir. 1992-ci ildən buralar Xocalı rayon qaçqınlarının sığındığı düşərgəyə çevrilib. 12 ildir ki, ailəmlə birlikdə sanatoriyadan köçmüşük. Ölən qohumumuzun “çıxacaq 40-ı” bu yerlərə bir daha qayıtmamaq adıyla verdiyimiz sözü yenidən bizə qaytarır. Burada qoyub getdiyim uşaqlığımı yenidən mənə qaytarır..
        Ötən illər ərzində nələrin və kimlərin dəyişdiyindən xəbərsizəm.. Nələrlə qarşılaşacağım, nələri görəcəyim “Xocalı”ya gedən yollar kimi müəmmalı və qaranlıqdı.. Yol boyu neft buruqları, neftin dağıldığı çirkli ərazilər, ucu-bucağı görünməyən və nəhəng hasarların “qucaqladığı” “şəxsi mülk” möhürlü çöllüklər, imarətlər bir-bir keçir yanımdan, uzaqlaşır. Evlərin mərtəbələrinin, həyətyanı sahələrin, nə bilim, hətta ağacların sayının azalması, zibilliklərin bolluğu, artan üfunət mənzil başına yaxınlaşmağımdan xəbər verir..
Adam olacaqdı..
      Sanatoriyada məni uşaqlıq dostum Elçin qarşılayır. Keçən illər ərzində baş verənləri bir-bir mənə danışır. Burada yerləşən 2 nömrəli məktəbi bitirməyini, sonra ali məktəbə qəbul olmağını, universiteti bitirib əsgər getməyini, qayıdandan sonra “şəhərdə” – Bakıda iş tapa bilməməyini, “xarabaya” qayıdıb düşərgəmizin kənarında tikilən “imarətlər”də fəhləlik etməyini, daşı daş üstünə qoymağı imarətləri tikə-tikə öyrəndiyini, yaşadığı taxta evin qapısına isə qoymağa bir daş tapmadığını danışdıqca danışır..
      Gəzə-gəzə məktəbin həyətinə giririk. Elə həmin taxta məktəbdir. Yayda “bişib”, qışda müəllimlərin evlərindən gətirdiyi “piletkaların” başına yığışıb qızındığımız 10 nəfərlik sinif otaqları.
      Elə həmin bayraqlardır divarlarda – ildə bir dəfə gəlib, hərəmizin qabağına 2 dəftər qoyub, bununla gözə köz üfürən qeyri-hökumət təşkilatlarının bayraqları. Elə həmin meydançadır - buralarda heç nə dəyişməyib. Quma basdırılan ağacdan iki dirək, noyabr yağışı, bədən tərbiyəsi dərsi, oxuduqları taxta məktəbdə “indi uçar- bu saat uçar” deyib qorxa-qorxa oturan, indi isə soyuq havada həyətdə futbol oynayan uşaqlar..
     Yalançı meydançada oynadıqca onların gözləri parıldayırdı – uşaqların səsi, sevincləri, şıltaqlıqları, təbəssümləri – həmin gün “Xocalı”da uşaqlar gülürdü.. Burada qoyub getdiyim uşaqlığım gülürdü..
        Məktəbin texniki bazası, normal təhsil üçün avadanlığı, demək olar ki, yoxdur. Əvəzində, 13 məzunu ilə ağ günə çıxmağa ümid bəsləyən “Xocalı” var. Bu gün “qurduqları” meydançada oynayan bu uşaqlar sabahın Elçinidir. Bir vaxtlar böyüyüb “adam” olacağımızı deyirdik. Böyüdük, amma adam yerinə qoyulmadıq. Əvəzində, lazımi “adamlar”ın qarşısına qoymağa zəngin “CV”imiz var – “ali təhsilli fəhləyik; bizim kimi yüzlərlə gəncə baxıb “onsuz da qurtarıb fəhlə olacam daa” deyib, oxumaq istəməyən qonşuların, nəmişlikdən divarları kiflə örtülən taxta evlərin, neftin “qara”sından canını xilas edən dəniz sahilinin, hündürlüyü yüz metr aralıdan görünən “oliqarxyana” hasarların, dənizi gizlədən villaların, sahili görmək üçün qət edilməsi mütləq olan bir-neçə kilometr məsafələrin, qarşıdan gələn qışın və nəticədə astma, bronxit, ağciyər xərçəngindən əziyyət çəkməyə məhkum olan “vərəm Xocalı”nın sahibiyik..”.
     Bir vaxtlar qaçdı-tutdu oyandığımız çöllərin əl-qolunu bağlayan hasarlar kimi, mənim də bu gün gördüyüm həqiqətlər qarşısında əl-qolum bağlıdı.. Çox şeylər dəyişmişdi.. Demə, hər şeyin bir sahibi varmış, buradakı insanlardan başqa..
      Evimizi də görürəm.. O da hasara alınıb. Qapısı üzümə bağlı olan bu evin sakinlərinin üzünə də bir vaxtlar çox qapı bağlanmışdı.. İndi isə uşaqlığım qapını üzümə bağlayıb.. İkinci dəfə onu tərk etdiyimə görə.. “Hasarlar arxasında” qoyduğuma görə.. Bir dəfə Xocalıda, indi isə..

                                                                 MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

2 комментария:

Анонимный комментирует...

Narmin xanim, cox urekagridici yazidir. Duzu menim usagligim qaygisiz problemsiz kecdiyine gore sizin kimi insanlardan utaniram. Imishlide de mecburi kockunler yasayirdi vaxtile. Cox cetin idi seraitleri..Ne ise allah size yar olsun..

Foto_Qraf комментирует...

qemgin, o qeder de o qeder rahat oxudum...Sohbet edirdin, sanki..