19.03.2011

Bu gün səndən yazdı qələm


Göz yaşınla çək ovcunun içində sən
Uzaqlarda itirdiyin gülüşləri.
Görüm necə unudulur
Zamanın buz tonqalında
Külü donan arzuların,
Arzuların qərib, səssiz gedişləri.
Sətirlər də özün kimi dolaşırlar,
Dağıldıqca sözlər hərdən.
Bu gün səndən yazdı qələm..
Məqsəd nöqtə, istək nida, qanad yorğun,
Çırpıldıqca qanadların yaratdığı tufan durğun.
Ayaqlara yük bədənin, at onu da bir kənara
Hislərin tək, istəyin tək, sənə dəvət mələyin tək,
Tək qal uzun yolda yenə, qaç uzağa.
Görüşəndə dizlərin qara torpaqla,
Qanadların sınsın acı xəyanətdən.
Bu gün səndən yazdı qələm..

Yaşamaq da bir sənətdir,
Yoxmuş səndə o istedad.
Uğursuz ifan, çıxışlar..
Səslənir saxta alqışlar.
Sol tərəfin sancıları
Azalır itən yollarda.
İllərinin qazancları
Yox olur yorğun qollarda.
Qolların da arzular tək enir yerə
Yalnız ölüm ona həmdəm..
Bu gün səndən yazdı qələm..
———-
Gecələrdə ən səmimi yalvarışlar..
Otaqların soyuq küncü,
Yenə ümidsiz axtarışlar..
Güzgülərdə donuq, soyuq baxış gecə,
Həqiqətin yanağında həkk etdiyi naxış gecə.
Asdıqca boynundan daş nəfəsinin
Qaranlıq, tənha tabuta giriş gecə.
Ölüb dirilmək həvəsi; tövbələrə eniş gecə.
Sətirlərdə sınan qələm
Can verən son həvəs gecə..
Günahlar çiyində, əllər göylərdə
Verilən son nəfəs gecə.
Gecələr də özün kimi dolaşırlar,
Dağıldıqca sözlər hərdən.
İndi susur, tövbəlidir.
Daha səndən yazmır qələm.


MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

Комментариев нет: