19.03.2011

Seç ki!


     Hər şey bu dünyaya gəlməyimizdən başladı. “Seç!”,- dedilərmi yaşamla ölüm arasında-yox! Seçdi Tanrı bizim üçün bu dünyanı. O dünyakı insanın olduğu yerdə pislik durur, pisliyin ayaq açıb yeridiyi yerdə isə ədalət şikəstdir. Yaşayaraq ölümə getdiyimizi bilirdik. Ölümsə yaşamağımıza mane olmadı. Yaşadıq və seçdik..
    “Seç!”, – dedilər hörmətlə rüşvət arasında. Beşikdən yeşiyə rüşvətlə başladıq, istəyərək, ya istəməyərək, ya da onların istəyi ilə, amma seçdilər rüşvəti bizim üçün doğulduğumuzda xəstəxanada başlayan muştuluq kampaniyası və ölərkən mollaya verilən gözaydınlığı ilə.
      “Seç!”, – dedilər laylayla, serial arasında. Seçə bilmədik birincini, seçdilər yerimizə ikincini. Dedilər, nə fərqi var ki, ikisi də yuxuya verir səni. Hələ də mürgülədir bu seriallar məni ona uyan millətimiz kimi.
     “Seç!”, – dedilər istəyimizlə istəklərin arasında. Seçə bilmədik seçdiyimizi. Seçdiklərini seçdik. 11 illik məktəbi, mütləq bitirməli olduğumuz universiteti, Bakıda çəkəcəyimiz əsgərliyi, evlənəcəyimiz halal, amma verdiyimiz cehizləri haram etdiyimiz qızı, bir il içində görməli olduqları nəvəni də onlar seçdilər.
     “Seç!”, – dedilər əxlaqla əxlaqsızlıq arasında. Küçə qadınından heç bir fərqi olmayanı xalqımızın artisti, sirk ustası edib digərinə qıyğacı baxdıqda, bakirəliyi dəbdən saldıqda seçdik əxlaqsızlığı. Bakirə qalan Qız Qalasını da ləkələdik evroremontla, evrogeyim ve evromakiyajla ləkələnən qızlarımız kimi.
    “Seç!”, – dedilər nəğdlə kredit arasında. Seçdik krediti, verdik hər şeyi xırda-xırda. Seçdik “Hərəyə Qarabağdan bir ovuc kampaniyasını”, verdik kreditə 8 rayonu, zurnanın müşaəti ilə çalacağıq İnşəAllah ipotekayla verəcəyimiz Bakının toyunu.“Seç!”, – dedilər “Qubadlı”, “Zəngəzur”, “Qarabağ”, “Zəngilan” və sair kimi restoranlarda qaytağı ilə şikəstə arasında. 10 manata zakaz verib qoyduq çolaq Qarabağda vuruşanın şikəst əlin, sınmış qəlbin.

     Deyirlər, payız da gəldi. Heç seçmədik də onu, gəldi özü üçün, başımıza gələnlər kimi. Düşünə-düşünə Moşunun xoşbəxtliyə axtarıb tapmadığı qafiyənin gününə düşməmək üçün seçdik susmağı, çünki onu bizim yerimizə seçmişdilər.
     Payız gəldi. Nə edək, istədik, istəmədik onsuz da o gəldi. Elə ölkəmizə həftə səkkizməndoqquz təşrif buyuran 3 qardaş kimi. Qonaqlı-qaralı olanda nə olar ki, gərək üzümüz qara olmasın bu qonaqların yanında.
     Payız gəldi, onlar da gəldi, gəlir, gələcəklər də. Deyəsən, yol Qəçrəşə gedir. Uzunmüddətli ağır işdən sonra istirahət etməlidir bu yazıqlar, ya yox?! Onlar bizi yaman tərlədib, pörtlədib, buxarlandırıblar. Allah da onları buxarlanmaqdan qorusun! Qınamayın bizi, seçim bizim deyil, Vallah, seçiblər yerimizə, elə onların yerinə də.
      Payız gəldi. Nə edək, onsuz da istədik, istəmədik o gəldi. Nə olsun, Brayze qrupunun solistləri kimi həftədə 4 dəfə gəlib getməsələr də, uçan “tarelkalar” da bizə gəlib gedir. Görəsən, hansı məqsəd güdürlər, o da bəlli deyil. Deyirəm, yel əsib, qoz tökülüb, yığanımız yoxdur. Başı bədənindən böyük olub, mavi rəngə çalan bu “yaratıklar” burunlarını Azərbaycana soxsalar da, təəccüblənmədilər. Niyə təəccüblənsinlər, rəngləri rəngimizə, iyləri iyimizə, ağılları da ağlımıza uyğun. Di gəl ki, başımız böyük deyil. Ona görə də bizi görən elə deyir ki, bu millətin ağlı yoxdur. Bu millətin ağlı yoxdursa, bəs nəyi var? Bilmirik nəyimiz var, nəyimiz olur-olsun, əsas odur ki, seçənlər seçib yerimizə, seçməsək də olar.
     Payız gəldi. Nə olsun ki, burnuma da Xəzərin iyi gəldi. O Xəzər ki, azar olub düşüb canımıza, bizi soyuq payız günlərində bir az da üşüdür. Bölüşdürülə bilməyən, neft məhsullarını satıb əvəzinə də sabun köpüyü kimi itib-batan varlığa sahib olduğumuz, içindən balıq əvəzinə ayaqqabı tutduğumuz, çıxardığımız gölümüzün qoxusu gəldi burnuma. Gəlsin, iyi də ki biz seçməmişik. Onu da seçiblər yerimizə.
     Payız gəldi. Nə olsun ki, məni dənizə aparan, villalar qəsəbəsinin içindən keçən yollar da ağlıma gəldi. Vallah, bu villaların qəbirdən heç bir fərqi yoxdur. Hər ikisi çoxmərtəbəli, hər ikisi “evro remont”, hər ikisi öz sahib və ya sahibəsini gözləyir. Sadəcə, birini açıb tabuta, digərini açıb evə girmək lazımdır. Binalar ucalır, qəbirlər ucalır, insanlar alçalır. Bu qanunauyğunluq da bizim deyil. İnanın! Onu da seçiblər yerimizə.
     Payız gəldi. Nə olsun ki, hər kanalizasiya “luku”nun içindən də bir istedadın iyi gəldi. Hər müxalifət mövqeli jurnalistin də “mavi” olduğunu biləndə başıma hava gəldi. Görəsən, Azərbaycanda həmrəng olmadığım neçə insan var?
     Gələ-gələ hamı, hər kəs, hər şey başımıza gəldi. Gəlməyən bir Qarabağdır. Seçkiqabağı “Qarabağı” geri  almağa söz verənlərin siyahısı azmış kimi fantastik qiymətlərə tikilən, 2 gündən sonra daşıdığı ağırlığa dözə bilməyib ortasından çat verən körpülər, ürəyimizə və gözümüzə su çiləmək üçün işə salınan fontanlar, tikilib-sökülüb, yenidən tikilən binalar, başına torba tikilən abidələr də adamın üstünə-üstünə gəldi.
     Gəlir-gəlsin. Onsuz da payız da gəldi. Nənəm demişkən, hələ qurd keçinin harasını yeyib ki, durub biz də payızın gəlişini iki gözümüz, iki qulağımız və sairə yerlərimizlə gözlədik.
     Oxun nə günahı var ki, yay əyridir. Əsas nişançı məqsədinin düz olduğuna inansın. O zaman ox öz hədəfini düz ortasından vuracaq. İndi deyirəm, bizim nə günahımız var ki, payız gəldi. Onun gəlişini ki biz seçməmişik? Əsas odur ki, yağış olmayan təpəmizə vurub olan-qalan ağlımızı da əlimizdən almasın. Yoxsa, başımıza gələn daşlar və ələnən küllərin sayı da artacaq. Artsın, Qarabağdan hay, qaçqın və məcburi köçkünlərimizdən “vay” gəlməyəndən sonra, nəyimə lazım ki, payız gəlib.

     Sorğu keçirdim. Seçdiyim sualı seçilmiş gənclərə verdim. Yaş auditoriyasının bu cür seçilməsi də təsadüfü deyildi. Axı, hər şey seçdiyimiz və bizim üçün seçilən zərurətə bağlıdır. Orta və yaşlı nəsil artıq özü düşünmür, seçilmiş düşüncələr yeriyir beyinlərində. Mənsə 10 gəncə : “Ən doğru və ən yalnış seçiminiz nə olub?” sualını verdim. Cavabları olduğu kimi sizə təqdim edirəm:
- Leyla, 21 yaş – Başqalarına qarşılıq gözləmədən kömək etməyim ən doğru, insanları dəfələrlə bağışlamağım ən yalnış seçimim olub.
- Anar, 22 yaş – Özümü seçməyim ən doğru, həmişə özümü seçməməyim ən yalnış seçimim olub.
- Cavid, 20 yaş – Başqalarına qulaq asmamağım, müstəqil qərar verməyim, məncə, doğru seçimim olub. Ən yalnışı olmayıb, amma səhv saya biləcəyim işimdə mənim seçmədiklərimin məni seçmələri olub.
- Şəfəq, 21 yaş – Universitetə qəbul olmağım həyatımda etdiyim ən doğru seçimdir, jurnalistika ixtisasi üzrə təhsil almağım isə ən səhv seçimim olub.
- Zümrüd, 22 yaş – Ali təhsil almağım, düşünürəm ki, doğru seçimimdir. Yalnışı isə istəmədiyim fakültədə təhsil almağımdır.
- Vüsal, 21 yaş – Heç vaxt özüm seçməmişəm. Həmişə valideynim yerimə seçib.
- Xəyal, 22 yaş – Ən doğru seçimim İslam dinini seçməyimdir, ən səhv seçimimim olması isə ağlıma gəlmir.
- Gülnar, 22 yaş – Vaxtımı boş keçirməyim ən səhv seçim olub, ən doğrusu isə ali təhsil alamğımdır.
- İlkin, 23 yaş – Dostlarım ən doğru seçimim olub, sakit həyat tərzini seçməyim isə ən yalnışı olub. Çünki sakit həyatın mənə görə olmadığını bilirəm.
- Anar, 21 yaş – Bu gün Azərbaycanda biz seçmirik, nəyisə yerimizə seçirlər. Yaxud da seçdiyimiz alma ağacından dərilən çürük meyvədən başqa bir şey deyil. Ən yaxşılarını ağacın başına çıxarıblar.
Onlar bu fikirləri seçdilər. Nəticəni də siz çıxarın. Siz seçin, seçdiyinizlə seçilin. Sizin üçün seçilənlərlə deyil. Necə ki:
- Rüşvəti hörmət
- “şirvan”ı vicdan
- dilənməyi qazanmaq
- seçdirməyi seçmək
- yatmağı düşünmək
- Ayda torpaq almağı, Qarabağı almaq
- Günahlandırmağı bağışlamaq
- Maşını məhəbbət
- Nifrəti sevgi
- Sərt əxlaqı yumşaq qeyrət yerinə seçdilər.
      Oxudum ki, “Prezident yenə prezident oldu”. Seçdik, seçildi, ya seçdilər, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, xeyirli olsun. Bizim üçün bu günə qədər seçilən seçilmişlər kimi, ya ondan fərqli?!

                                                                     MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

Комментариев нет: