6-7 yaşım olardı. Hələ onda  atam“evcik-evcik” oyununda cavanlıq şəkillərindən birinin üstünə  qələmlə hücuma keçdiyimi görməsəydi, gəlib onu əlimdən alıb, şəklə  baxa-baxa “atan Maradona olub ee” deməsəydi,yəqin ki, bu gün futbolla  yaxından-uzaqdan heç bir əlaqəm olmazdı. Açığı, 4 dünya çempionatı  görmüş, hələ üstəlik, XX əsrin 3-cüsü olan "argentinalı atamın"  mövcudluğu məni sevindirirdi. Uşaq sadəlövhlüyümün “barıtını çox  elədiyimdəndir” ki, ekranda o tərəfə, bu tərəfə qaçan “mavi şortikli  kişi”nin evdə məndən 5-6 addım arxada oturan atamla eyni adam olduğunu  düşünürdüm. Həə, bir də.. fikirləşirdim ki, futbol sadəcə oyundu..
            Deyim ki, atamın Maradona olmadığını başa düşmək elə də çox vaxtımı  almadı. Bax, amma futbolun sadəcə oyun olmadığını görmək üçün uzatma  dəqiqələrinə qədər getməli oldum. Ehtiyat oyunçular skamyasında gözləyən  reallığı oyuna buraxandan sonra özümdə bərkitdiyim “taktika”lar  yavaş-yavaş dağıldı. Başa düşdüm ki, “adı olub, özü olmayanlar”  cərgəsinə daxil edilən futbolumuza “siz qapımıza bacardığınız qədər qol  vurursunuz, biz isə sizin qapıya istədiyimiz qədər” ifadəsinin  yaraşdırılması xeyirə yozulmamalıdır. Dedim, bəlkə, elə bu cür  yozumlardandı ki, qalib gələn Azərbaycan, qol vuran banqladeşli olur?!
              Söz qalibiyyətdən düşmüşkən, bu yaxınlarda (red. müsəlmənın "bu yaxını") Bakı sevinc içində idi.  Birlik Kubokunun ¼ oyunlarında paytaxtın “İnter” klubu Ermənistanın  “Mika” komandasını 4:0 hesabı ilə “darmadağın”etmişdi. Gözəl səslənirdi. Elə  səsləndiyi qədər də gözəl görünürdü. Amma Primyer Liqa birincisinin  Ermənistan dördüncüsünü məğlub etməsi, bu bir kənara, gözə kül üfürən  Rusiyanın candərdi təşkil etdiyi Birlik Kuboku oyunlarına yalnız  Azərbaycanın “ciddi” hazırlaşması 60 yaşlı kişinin 5 yaşlı uşağı  “aşıq-aşıq” oyununda udub, “həriii, yes, yes” deməsinə oxşayır. Rusiya da  özfəaliyyəti ilə UEFA-nın saçını oxşayır. Dünya futbolu isə get-gedə  siyasətə oxşayır. Rusiya Gürcüstüna qoşun yeritdi, Gürcüstan da futbola  siyasət - “böyük qardaş”ın acığına oyundan çıxdı. Azərbaycan da  Ermənistandan Qarabağın “hayfı”nı çıxdı..
              Bax, elə bu cür –  yavaş-yavaş siyasi ədavətdə olan dövlətlər də, elə ədavətsiz dövlətlərin  siyasəti də futbolun axırına çıxdılar. Deyəsən, iddiam böyük səsləndi.  Axı, futbol onsuz da lap əvvəldən, doğulduğu beşiyində - Britaniyada  siyasi don geyinmişdi.  Hamımız bilirik ki, Şotlandiya, Uelsin və Şimali İrlandiya İngiltərinin tərkibində olan  ərazilərdir. Bəs, yaxşı, bilirsinizmi ki, bu "dövlətciklər"in meydanda göstərdikləri "klass" futbolun özü deyildi, sadəcə milli özünütəsdiq idi? Demə, hətta  kimimizin sino getdiyi, kimimizin uğrunda ailə dağıtdığımız, nə bilim qurbanı olduğumuz - Milan,İnter, Yuventus klubları da sağçıların və solçuların qurbanıdılar. Ya da götürək, Barselonanı. Axı, o da  kataloniyalıların ŞƏRƏF komandasıdı. 
         Elə Mussolini də futbolun   başına ip salanlardan olub. Eşidəndə ki, o,1938-ci ildə keçirilmiş dünya  çempionatında milli yığmaya “qızılı udmasanız, söz verirəm ki, hamınızı  güllələyəcəm” deyib, təəccüblənmədim. Futbolda topla müharibə  aparılırsa, italiya mafiyasının top qarşıq futbolu oynatmasından təbii  nə ola bilər ki?! 
          Oynatdıqları futbolçuların meydanda topu  rəqibdən almağa cəhd etdikləri kimi, siyasətçilər də özlərini çox yox, bir az ələ  alsaydılar, bəlkə də, hazırkı mənzərədən fərqli bir şey haqqında  yazardım. Ona görə də bu gün mənim üçün futbolda “ədalətli oyun”  axtarmaq “vicdanlı siyasətçi” ifadəsi qədər absurd görünür. 
Futbol “offside” vəziyyətində ola bilər. Oyun ki, hələ bitməyib. Əsası, ağ bayraq qaldırmayaq. Çünki futbol təslim olmağı sevmir.
MÜƏLLİF: NƏRMİN NÖQTƏ
Futbol “offside” vəziyyətində ola bilər. Oyun ki, hələ bitməyib. Əsası, ağ bayraq qaldırmayaq. Çünki futbol təslim olmağı sevmir.
MÜƏLLİF: NƏRMİN NÖQTƏ

Комментариев нет:
Отправить комментарий