21.03.2011

Təsadüfi İnsanlar ( II hissə)

    Baxın, tibetli. Heç bilmirəm, Google`da 3 saata yaxın vaxt keçirib sizin bu mürəkkəb konstruksiyalı həyat tərziniz haqda geninə-boluna məlumat topladığım üçün sevinim. Yoxsa, tanımadığım birinə görə bu qədər vaxt sərf etdiyimə peşman olum. İstənilən halda, hər hansı boşluq yerinə məktubunuzun gəlib məni tapması xoşdu. Belə görürəm ki, sizdən çox şeylər öyrənəcəm..

    Neapoldanam. Yəni orda doğulmuşam. Neapol İtaliyadadır. Yəqin ki, bilirsiniz də. İnciməyin belə yazdığıma. Niyəsə mənə elə gəlir ki, tibetlilər bir az, lap az eee, savadsız olurlar. Həə.. belə..
Atam yəhudidir. Ona qalsa, yəhudiləri çıxmaq şərti ilə, bütün xalqlar başlarından başqa hər yerlərini işlədirlər. Anamsa almandı. Təəccübləndin, hə? Təsəvvür edirsən, mən də ağlım kəsən vaxtı bunu biləndə təəccübdən gözüm 1 həftə atmışdı. Demə, mərci uduzduğuna görə evlənibmiş onunla. Bir sözlə, mərcdən doğulan uşağam. :)
      18 ildi ki, burdayıq. İtaliyanı sevirəm. Neapolsa ürəyimdi. Tələbəyəm. Sən orda minillik heykəllərin tozunu alanda, mən gecələri part-taym işlədiyim barda sərxoşların məhəbbət hekayələrinin tozunu alıram. Qulağımla işləməyi o qədər irəlilətmişdim ki, hətta bir ara monastra getməyi də düşünürdüm. Amma bilirsiniz, uzun geyinmək mənlik deyil. O ətəyi bir balaca qısaltsaydılar, yəqin indi gecə-gündüz ancaq bir kişinin canına dua edəcəkdim. Ancaq dua edəcəkdim haa, onunla başqa heç nə edə bilməyəcəkdim. Ürək istərdi ki.. təəssüf. Özləri bilər!!!
        Atam dinə bağlı insandı. Bu sarıdan nəsə keçib mənə də. Amma, bir az hərdəmxəyalam. Ona görə də bir gün İudaya, o biri gün Məryəmə işləyə bilərəm. Ciddi deyirəm eee. O da bunu yaxşı bilir. Deyir, anamın işləridi. Atam belədi dəə. Həmişə hər şeyi kiminsə üstünə atır.
    ..dilimi dəyişmək istəməmişəm heç vaxt. Belə başa düşmürlər məni, o ki qaldı, hansısa linqivistik evrikaya imza atanda.
     …atam da, anam da, elə bütün qohumlar mənə Adina deyir. Mənsə özümü Edi kimi tanıyıram. İtimi də Edi çağırıram. Onunla hər şeyimi bölüşürəm, adımı belə. Ediii..
       Özü də, məncə, belə daha gözəl səslənir. Oğlanların da xoşuna gəlir. Edi sizin xoşunuza gəlir?
Bir sualım da var, siz bu qədər işi niyə görürsünüz, axı? Qəndillərin yağını dəyişmək, heykəllərin tozunu almaq, budaya salam vermək. Usta olmaq nəyinizə lazımdı? Bəlkə, siz də kreslonuzu bir balaca, çox yox ee, azacıq qaldırmağın həvəskarısınız, həə?
     Xətrinizə dəyməsin, belə görürəm ki, dəyişiklik sizə daha çox lazımdı. Məsələn, gününüzə budaya salam vermədən başlayın bir gün, dünya dağılmaz ki?
Az qala unutmuşdum, eyy sən, tibetli, “Rén de línghún” adını sənin atan qoyub, yoxsa bu öz kəşflərindəndi, həə??
     Özü də gələn dəfə yazanda, məktubunu “Centro Direzionale Isola A/7. Neapol” ünvanına yolla. Ürəyin də rahat olsun ki, yazdığın mütləq kiməsə çatacaq. Bu arada “sən” dedim. Dəyişikliyə burdan başla, məsələn :)

Edi`dən tibetliyə
ciao


                                                           
MÜƏLLİF: NƏRMİN NÖQTƏ 


2 комментария:

Анонимный комментирует...

Hər iki hissə maraqlıdır. Hərdən insanları başa düşmək lazımdır nəinki məsləhət vermək.

Анонимный комментирует...

Hər iki hissə çox maraqlıdır yəni.