19.03.2011

Üşüdü


Məni misralara sürgün etdilər,
Dəyəri qiymətsiz sözlər üşüdü.
Həqiqət xofunda boğulan qəlbin
Dərdindən kor olmuş gözlər üşüdü.
Vurduqca ürəyim, aldıqca nəfəs,
Cəngisi qulaqda zaman üşüdü.
Qaçdıq oğru təki eldən-obadan,
Şikəstəyə həsrət kaman üşüdü.
—————-
Qara doğrularla paslandıqca dil,
Ağından ayrılan yalan üşüdü.
Yadlaşdı insanlıq, sevildi pislik,
Dodaqlara küskün salam üşüdü.
Yaxşılıq bəşərdən gen dolandıqca,
Dərddən qabar-qabar əllər üşüdü.
O taylı-bu taylı bir olmadıqca,
Arazı ayıran “sel”lər üşüdü.
Satıldı bir qadın min bir aşota,
Biri bir qəpikdən qeyrət üşüdü.

Bakirə bulvarın fahişə səhnəsin
Görüb heyrətindən nifrət üşüdü.
Atıldı İraqa sülh adlı raket,
Oyuncağı silah körpə üşüdü.
Dən düşdü ələmdən ana telinə,
Yerlərdə sürünən örpək üşüdü.
Siyaset yolunda xalq oldu qurban,
Qəbri qazılmayan şəhid üşüdü.
Adına yığılan on qəpikləri
Görüb “o göydəki” şahid üşüdü.
—————
Ölüm adiləşdi, yox oldu qorxu,
Bir üzü soyumuş torpaq üşüdü.
Təkəbbür boğduqca onu göylərdə
Qovuşub torpağa yarpaq üşüdü.
Bir cüt göz soraqda, qalıb uzaqda
Baxdım, çadırlarda uşaq üşüdü.
Qar yağdı dağlara, itdi etibar,
Kürək dura-dura qurşaq üşüdü.
Yatmış vulkan görüb, dedi, “sən bir qalx!”.
Duyulmadı şair, qanı üşüdü.
Aynadakı “mən”in görüb misrada,
Dəymişi dura-dura, kalı üşüdü.
“Atdım sözlərimi ünvan yaralı”.
Şikəst qurban, hansı yanın üşüdü?


   MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

Комментариев нет: