19.03.2011

Öyrəşmişəm


Öyrəşmişəm sənsizliyə,
Səni mənə xatırladan
Uğultulu səssizliyə.
Öyrəşmişəm,
Yazmayan sərt qələmimə,
Vərəqlərə məhkum olmuş
Güldüyüm tək ələmimə.
Öyrəşmişəm..
Bir zamanlar son ümidlə
Asimana qalxan əllər
İndi yerə enə bilib.
Ağ vərəqi
Özüm ilə qaralayan incə qələm
Susub, susub, yazdığını silə bilib.
Öyrəşmişəm,
Doğmalaşan hər yadıma,
Sevinc dolu fəryadıma.
İniliti, o xoş, şirin, amma sakit imdadıma.
Öyrəşmişəm..
Yaşadıqca ölürmüşəm,
Mən özümdən dönürmüşəm,
Bax, yandıqca sönürmüşəm.
————-
Çiynim yoxdur başım qoyub hey ağlayım,
Pay vermişəm onu sənə.
Səndən heç nə istəmirəm,
Boş otaqda tənha mənlə
Danışaraq, bil, çiyinsiz
Ağlamağa öyrəşmişəm.
Əllərini bərk-bərk tutan bu biləyi
Düz dibindəm kəsib atıb
Taleyimi şikəstliyə bağlamağa öyrəşmişəm.
Varla yoxun savaşına,
Bir sifətin min qaşına,
Ruhun yox olmuş daşına
Baxa-baxa,
Buza dönən ürəyimdə
Bir ümid də məhv etməyə,
Qatil olub, hakim olub
Öz-özümü əfv etməyə,
Öyrəşmişəm.
———–
Bir də sənə öyrəşmişəm,
Məni məndən almağına,
Məni mənsiz qoymağına,
Bir gündə min ölümünlə.
İki ayaq üzərində
Sınmış “əzimli” vicdanla
Qarşımda lal durmağına
Öyrəşmişəm..
                                   MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

Комментариев нет: