30.03.2011

Sevgilim Fiqo

      Həmin il çox hadisələrlə yadda qaldı. Vladimir Putin prezident seçildi; Yaxın Şərqə “topatan” yeni kuryerin də adı açıqlandı: okeanın o tayından - “balaca” Corc Buş. Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan zəlzələ də “Bakı”nı yaxınlaşdırdı. Məsələn, mən qapı qonşumu tanıdım. Üstəlik, Bakını bir il doyuzduracaq şayiələr də buraxıldı. Dedilər ki, paytaxtın arxitekturasını “çatladan”, Xəzərin dibində keçirilən nüvə silahı təcrübəsidi. Beləliklə, əsrin şayiəsi də təsdiqlənmişdi. Hələ onda Heydər Əliyev sağdı, “Əkizlər”in dağıdılmasına da bir il vardı. Ergenekon da heç başlamamışdı…
      Fikirləşəndə, göstərilən illə (red. ili yazmağı unutdum – 2000) bağlı o qədər hadisəni xatırlamaq olar ki və bir də “bııııy, hə yeeeee, yadımdadı..” cümləsini geninə-boluna istifadə etmək. Maraqlıdır, görəsən, ən azı siyasət qədər maraqlı olan, ən azı özü siyasət olan futbolda baş verən və ilin futbol qalmaqalı titulunu qazanan “o hadisə” neçəmizin yadında qalıb?

11 il əvvəl

      Qızlar deyirdilər ki, mən özümü oğlanlara göstərmək üçün futbola baxıram. Onlar hardan bilərdilər ki, oğlanlara görə yox,  tərpənmədən gözümü ekrana məhz Luis Fiqoya görə zilləyirəm. Təsəvvür edin, top ekranda sağdadır, Fiqo da solda. Əmin olun ki, başqarışıq bütün bədənim sola çevrilirdi. O, mənim ilk əcnəbi platonik sevgim (özlüyümdə ona sevgilim deyirdim), şərəfini qoruduğu komandanın (“Barselona”) isə ilk əcnəbi kapitanı idi. Ağlıma gətirməzdim ki, həvəslə baxdığım hind filmləri bir gün axırıma çıxacaq... Necə? Məsələn, hər dəfə oyunlara baxanda xəyallar qururdum; mən Barselonaya gedəcəm,  oyunlardan birinə bilet alacam. Böyük ekranda birdən məni göstərəcəklər. Mən göz süzdürəcəm. Fiqo meydanda top dalınca qaçanda təsadüfən ekrana baxacaq. Məni görəcək. Məni tapdıracaq və evlənəcəyik. Gələcəyim Barselonasız mümkün deyildi..
       Ta ki, Luis Fiqo 37 milyon funt strelinqə xəyallarımın şəhərinin komandasını “Kral klubu”na satana qədər..


Satdı, ya satıldı?
 
       Futbolla uzaqdan - yaxından əlaqəsi olan hər kəs bilir ki, bəzi qrup insanlar üçün futbol adi oyundan daha artıqdır. Necə deyim, balıq susuz, prezident kürsüsüz, Akif dayı araqsız öz mənasını, mənini itirdiyi kimi, onlar da futbolsuz özünü ifadəni itirirlər. Kataloniyalılar üçün “Barsa”  onların mahiyyəti idi.      
Hadisələrə belə baxaq: İspaniyanın daxilində gedən vətəndaş müharibəsi; kataloniyalılara qarşı milli kimliklərini unutdurmaq cəhdləri - katalon dilinin istifadəsinin qadağan edilməsi; generelissimusun onları təmsil edən “Barselona” komandasına qarşı “Real Madrid”i yaratması.. Üstəlik, “Barsa”nın adının katalon dilindən (“Football Club Barcelona”) təhqir əlaməti olaraq, ispan dilinə (“Club de Football de Barcelona”) dəyişdirilməsi və kasanı daşdıran son damla: “Çamartin qalmaqalı”. Deməli, bu “Çamartin” Kral komandasının əvvəlki stadionunun adıymış. “Barsa” – “Real” arasında cavab oyunu keçiriləcəkmiş. Oyundan 20 dəqiqə əvvəl “Barsa”lıların soyunub-geyinmə otağına kim girsə yaxşıdır? – dövlət təhlükəsizliyi idarəsinin rəhbəri. Girib deyir ki, bəs uşaqlar, “Real”ı udursunuz, udun ee, amma canınıza da yazığınız gəlsin. Bax, elə eləməyin ki, bu sizin son oyununuz olsun. Beləcə, “Barsa” 1:11 hesabıyla “Real Madrid”ə məğlub olur.     
      Sözümün canı odur ki, hələ taa qədimdən “Barsa” – “Real” arasında gizli müharibə gedib. “Barsa” isə ulduz yığını komandasından fərqli olaraq, həmişə biz necə deyirik, namusla, şərəflə özlərini müdafiə ediblər. “Daydaysız” komandanı yarım milyon dollar artıq verdiyinə görə, “Real Madrid”ə dəyişməsi Fiqoya baha - başa oturdu. Birincisi! o, məni itirdi. (13 yaşımda belə düşünürdümJ ). İkincisi! o, satqın damğasını yedi. Üçüncüsü! o, hər dəfə oyuna çıxanda ünvanına təhqirlər səsləndi, üstünə tüpürcəklər yağdırdılar, nə bilim, donuz başı onun başını əvəzlədi, katalon bayrağı üzünə çırpıldı. Bir sözlə, Rikardo Zamora Martines, Xosep Samityer Vilyalta, Şuster, Ronaldo, Laudrup – onların sırasında artıq “satqın” Fiqo da vardı...
       Yadınızdadırsa, ən azı, o hər kəsin önündə “Barsa”nı tərk etməyəcəyini, bu komandanı qoyub getsə, onların gözünə baxa bilməyəcəyini demişdi. Bir gün sonra o artıq “Real Madrid”lə müqavilə imzalayırdı... Dostlarımsa mənim yanımda ilk məhəbbətimi ələ salırdılar – “Kişi tüpürdüyünü yalamaz. o kişi döyül!”.
          Bilmirəm, kataloniyalılar  üstündən 11 il keçsə də, Fiqonun 5 illik fəaliyyətindən sonra verdiyi bu qərarı unuda bildilər, ya yox. Azarkeşlər isə, deyəsən, hər şeyi unutmuşdular. 100 ən yaxşı futbolçu siyahısına adını yazdıran, dəfələrlə İtaliya, İspaniya və Portuqaliyada ilin futbolçusu olan, Avropanın ən yaxşı futbolçusu ünvanını qazanan Fiqo 2009-cu ildə son oyununu oynadı. “İnter” və “Atlanta” arasında keçirilən oyunun 42-ci dəqiqəsində kapitan Fiqo əvəzləndi. Oyun bir neçə dəqiqəlik dayandırıldı. Rəqib komandanın oyunçuları bir cərgədə dayanıb onu alqışlarla meydandan yola saldılar..
        11 il əvvəl olduğu kimi mənim gözüm bu dəfə də ekranın sağdaydı. Ehtiyat oyunçular skamyasında əyləşən Fiqoda. O, məyusdu, bir az da kədərli.. oyunun sonuna qədər də gözümü ekranın sağ tərəfindən çəkmədim. Elə istəyirdim ki, orada olum. Birdən böyük ekranda məni göstərsinlər. Mən də əlimdə plakat tutum: “Fiqo, səni meydanda sevirəm”. O da bunu görsün, arvadını, uşağını atıb mənlə evlənsin. Demişdim axı, hind filmləri nə vaxtsa axırıma çıxacaq... ya da... Bilirsiniz, çox əvəzləmələr ola bilər - tək 42-ci yox, həyatımızın istənilən dəqiqəsində. Amma əvəzlənməyən bir şey var – o da ilk məhəbbətdir... o da Fiqodur!
P.S. 6 yaşına kimi Luis Fiqo gəzə bilmirmiş. Amma bu onun futbol oynamasına mane olmadı...
http://premyerliqa.az/?goal=articles&id=32

                                    müəllif: Nərmin Nöqtə 

7 комментариев:

Shikhi Hol комментирует...

Fiqu Bakıya gələndə getmişdinizmi?

Nigar_Haciyeva комментирует...

wow.mən də elə bildim belə platonik sevgi bir məndədi.)yo qorxmuyun menim fiquyla bir isim yox.indinin ozude sevgilim olan Zidan`dı...yazılarınızı oxuyanda darıxmaq,axrı görən nə vaxt olcaq kimi sözlərin olduğu belə ağlıma gəlmir.bunları mən deməmiş də bilirsiz,amma hər halda təşəkkür)..

Анонимный комментирует...

Hemin il men de onu sevirdim)amma men onu "Real"dan tanimisdim.Komandasini terk etdiyine göre bu qeder tehqir olundugunu bilmirdim:)

Tiffozi Elnur комментирует...

daha çox azərbaycanlılara bizim millətə oxşuyur e hə nərmin? =) bunu deyən çox adamla raslaşmışam )

Nöqtə комментирует...

Çox ağ ol, Nigar =)

Nöqtə комментирует...

Həə, Elnur - çox oxşayır =)) yəqin elə ona görədir ki, qanım belə çəkib onu ))

Nöqtə комментирует...

Anonim xanım, ya bəy - bilmirən necə müraciət edim =) bəlkə mən qadınam deyə, belə bir az hay-küy salmışam yazıda =)) mən bildiyim qədər belə hay-küy yaranmışdı o klubu dəyişəndə.